Azərbaycan 2025-ci ildə 20 ölkəyə 17 milyon ton neft ixrac edib
Azərbaycanın enerji ixracı sahəsində son statistik göstəricilər narahatlıq doğurur. 2025-ci ilin ilk 9 ayına dair məlumatlar ölkənin neft hasilatı və ixracında davamlı azalma olduğunu təsdiqləyir.
Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada politoloq Rəşad Həsənov bildirib ki,Azərbaycanın neft hasilatı və neft ixracı davamlı olaraq azalmaqdadır:
"2025-ci ilin 9 ayında da neft ixracında 3,5 faiz azalma qeydə alınıb. Nəticədə, qiymətlərin də dəyişməsi faktorunu nəzərə alsaq, ötən ilin eyni dövrü ilə müqayisədə neft ixracından ölkəyə daxil olan gəlir 19 faiz azalıbdır. Yəni, bir tərəfdən bizim ixracımız fiziki olaraq azalır, digər tərəfdən isə onun qiyməti aşağı düşür. Bu istiqamətdə 9 ay ərzində cəmi 9 milyard dollarlıq bir ixrac olub. İxrac daha çox İtaliyaya yönəlir, çünki Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası zamanı əsas tərəfdaşlardan biri məhz İtaliya idi. ABŞ və İtaliya arasında olan razılaşma əsasında Ceyhan limanına daşıyan neftin 60–70 faizi məhz İtaliyaya satılır. Bu səbəbdən İtaliya hər zaman Azərbaycanın neftinin əsas idxalçısı kimi Avropa bazarlarında çıxış edir. Bu, uzunmüddətli əməkdaşlığa əsaslanır".
Həmçinin politoloq bildirib ki,hazırda Azərbaycan iqtisadiyyatı bir növ stagnasiya vəziyyətindədir:
"İqtisadi inkişaf üçün görülən tədbirlər hələ tam effekt verməyib. Avropa bazarlarında rəqabət baxımından isə Azərbaycan nefti xüsusilə “Azəri Light” Brent kateqoriyasında olan və ən yüksək qiymətlə satılan neftlərdəndir. Keyfiyyəti yüksək olduğu üçün bazarda Brentdən 3–5% baha qiymətə təklif olunur. Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınması isə Avropa bazarlarına çıxış imkanlarını artırır. Göstəricilərin Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə, ilkin dövrlərdə mövcud infrastrukturun və strateji valyuta ehtiyatlarının formalaşdırılması baxımından müsbət təsirlər olub. Azərbaycanın manat məzənnəsinin sabitliyinin əsas dayaqlarından biri məhz neft ixracı və qarşılığında daxil olan valyutadır. Bu, maliyyə sabitliyi və xarici borclanma baxımından da vacib faktordur. Baxmayaraq ki, son illərdə neftin dövlət büdcəsində payı 50%-dən aşağı düşüb, vaxtilə bu göstərici 70–80% olub. Bu vəsaitlər hərbi infrastrukturun formalaşdırılması, müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də əhəmiyyətli rol oynayıb. Amma paralel olaraq bu, müəyyən mənfi təsirlərə də səbəb olub. Məsələn, iqtisadiyyatın şaxələndirilməsi zəif qalıb, qeyri-neft sektorunun rəqabət qabiliyyəti aşağıdır, iqtisadiyyat resurs asılı vəziyyətdədir".
Aysun Vəliyeva
