“Azərbaycan 2035-ilədək sənayenin dekarbonizasiyası planını açıqlayıb“
Azərbaycan 2035-ci ilə qədər sənaye sektorunda karbon emissiyalarını azaltmağı hədəfləyən yeni dekarbonizasiya planı təqdim edib. Strategiya enerji səmərəliliyinin artırılması, daha təmiz və yeni texnologiyaların tətbiqi, sənaye tullantılarının minimuma endirilməsi və ətraf mühitin qorunması ilə bağlı geniş tədbirlər paketini əhatə edir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bu dekarbonizasiya planı ümumi olaraq müsbət bir təşəbbüsdür, çünki nəticədə havaya buraxılan tullantılar azalmalıdır:
“Axı biz də həmin havanı nəfəs alırıq, cəmiyyət də, sənaye də bu prosesin içindədir. Amma burada real vəziyyəti nəzərə almaq lazımdır. Azərbaycanda hələ də böyük və geniş sənaye müəssisələri çox azdır. Xüsusilə özəl sektorda güclü sənaye yoxdur, əsas sənaye obyektləri: neft, neft-kimya və digər iri istehsalat sahələri dövlətə məxsusdur. Özəl sektorun “sənaye” dediyi, əslində, əsasən avtomobil parkıdır. Avtomobillər tullantı yaradır, amma ağır sənaye səviyyəsində böyük təsir göstərmir. Buna görə də dekarbonizasiya prosesinin sənaye sektorunda kəskin və inqilabi dəyişiklik yaradacağı gözlənilmir. Çünki ölkənin sənaye yükü dünya ilə müqayisədə çox kiçikdir və bizim qlobal emissiya balansında rolumuz minimaldır. Amma yenə də yeni texnologiyaların tətbiqi, daha səmərəli istehsal prosesləri və daha yaxşı avadanlıqların quraşdırılması vacibdir. Ətraf mühitə daha az tullantı getməsi üçün istehsalda müasir texnologiya olmalıdır. Hazırda karbon vergisi məsələsi də müzakirə edilir. Bu o deməkdir ki, ətraf mühitə tullantı buraxan müəssisələr əlavə vergi ödəməli olacaq. Vergi ilə tullantıların maya dəyəri artır, xərclər böyüyür, nəticədə məhsulun qiyməti də bahalaşır. Bu isə başqa bir reallığa gətirib çıxarır. Xərclər artanda ya müəssisə istehsalı bağlamalıdır, ya da həmin xərci vətəndaşdan almalıdırlar. 2035-ə hələ 10 il vaxt var və bu prosesin necə gedəcəyini bir çox iqtisadi faktor müəyyən edəcək. Məsələn, əgər 2028-ci ildə neftin qiyməti 30 dollara düşsə, o zaman heç kim dekarbonizasiya planını müzakirə etməyəcək, tam fərqli problemlər gündəmə gələcək. Elə 2015-ci ildə qəbul edilən strateji yol xəritələrində də eyni şeylər yazılmışdı, amma 2020-ci ilə gəlib çatanda biz ‘inkişaf etmiş ölkə’ deyil, pandemiya, enerji böhranı və başqa proseslərlə məşğul olduq. Yəni planlar olur, amma iqtisadi şərait həmişə dəyişir. Ona görə də bu plan yaxşı niyyətlidir, ancaq real təsiri ölkənin iqtisadiyyatının vəziyyətindən, dünya bazarından və tətbiq ediləcək texnologiyaların mövcudluğundan asılı olacaq”.
Ayşə Müzəfərli
