00:00:00
Yazar
Admin User
16.01.2026 17:35 160 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan Avropaya qaz ixracını genişləndirir

Azərbaycan Avropaya qaz ixracını genişləndirir

SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək, Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb.

 

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, yeni bazarlara çıxış dövlət büdcəsi gəlirlərinin artmasına şərait yaradacaq:

 

“Məlumdur ki, dövlət büdcəmizin əsaslı hissəsi neftdən və qazdan əldə edilən gəlirlər hesabınadır. Başqa sözlə desək, enerji təchizatından əldə olunan gəlirlər büdcənin təxminən 80 faizini formalaşdırır. Digər 20 faizi isə təqribən qeyri-neft sektorundan əldə olunan gəlirlər hesabınadır. Qaz hasilatının artması və yeni bazarlara çıxış dövlət büdcəsi gəlirlərinin artmasına şərait yaradacaq. Neft Fondu üçün yaratdığı fiskal imkanlara gəldikdə isə, bu, antisiklik siyasətin həyata keçirilməsinə imkan verir. Məlumdur ki, qlobal iqtisadiyyatda geosiyasi balansın pozulması və gərginliklərin yaşanması artıq mütəmadi hal alıb. Bu isə, təbii ki, dünya neft qiymətlərinə təsir göstərib. Belə bir şəraitdə neftin qiymətləri pozulur, bir növ desək, yuxarı qalxır və aşağı düşür. Bu da növbəti ilin dövlət büdcəsinin planlarını alt-üst edə biləcək bir şəraiti yaradır. Bu fonda yeni bazarlara çıxışın əldə olunması sabitliyin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir”.

 

Müsahibin sözlərinə görə, enerji təchizatında etibarlı tərəfdaş olmağımız və regionda nüfuzumuzun olması ölkəmizin geosiyasi mövqeyini gücləndirir:

 

“Avropa-Rusiya, eləcə də ABŞ-Rusiya arasında mövcud olan geosiyasi gərginliklər səbəbindən regionda iqtisadi balans pozulub. Başqa sözlə desək, Avropa artıq Rusiya ilə ticarət əməliyyatlarını icra etmək istəmir və ticarət tərəfdaşlığından uzaq olmağa çalışır. Bunun üçün isə alternativ bazarlara ehtiyac yaranır. Hazırda alternativ bazar kimi Azərbaycan ön plana çıxır. Azərbaycanın enerji təchizatında etibarlı tərəfdaş olması və regionda nüfuzunun olması Avropanı Azərbaycanla əməkdaşlığa sövq edir. Həm etibarlı tərəfdaş olmağımız, həm də Avropanın Rusiyadan uzaqlaşıb alternativ bazarlara yönəlməsi ölkəmizin geosiyasi mövqeyini gücləndirir. Qaz ixracının artması valyuta gəlirlərinin çoxalması deməkdir. Həmçinin məlumdur ki, sosial-iqtisadi xərclər ilbəil artmaqdadır. Yol və infrastruktur xərcləri, pensiyalar, təqaüdlər və əməkhaqları artır. Bundan əlavə, idxaldan asılı ölkə olduğumuz üçün əksər məhsulları xarici ölkələrdən idxal edirik. Qlobal iqtisadiyyatda inflyasiyanın sürətlənməsi və idxaldan asılılıq səbəbindən bu qiymət artımlarının real təsirini müşahidə edirik. Bu isə vətəndaşların büdcəsinə mənfi təsir göstərir. Bu balansı qorumaq üçün milli valyutanın dayanıqlığının qorunması, büdcədən ayrılmaların vaxtında yerinə yetirilməsi və xərclərin qarşılanması vacibdir. Bu baxımdan qaz hasilatının artırılması və Almaniya, Avstriya kimi ölkələrlə əməkdaşlığın genişləndirilməsi ÜDM-in böyük hissəsini formalaşdırır. Çünki ÜDM-də bu xərclərin payı böyükdür. Məhz bu səbəbdən qaz hasilatının artırılması və həmin ölkələrlə ticarət tərəfdaşlığının əldə olunması ölkə iqtisadiyyatı üçün perspektivlidir”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər