00:00:00
Yazar
Admin User
30.01.2026 18:09 75 3 dəq oxuma
İqtisadiyyat

Azərbaycan Avstriyaya neft ixracını 2 dəfədən çox artırıb

Azərbaycan Avstriyaya neft ixracını 2 dəfədən çox artırıb

Ötən il Azərbaycan Avstriyaya neft satışını əhəmiyyətli dərəcədə artırıb. 2025-ci ildə Avstriyaya 177 min 544,3 ton xam neft ixrac olunub. İxrac edilən neftin ümumi dəyəri 87 milyon 951,93 min ABŞ dolları təşkil edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji eksperti Sadiq Həsənov bildirib ki, Azərbaycan artıq Avropa ölkələrinə neft ixracını artırıb:

 

“Çox müsbət bir tendensiyadır. Ümumi götürəndə Azərbaycanın 22 ölkə ilə neft müqavilələri var və neft ixrac edir. Bunların 6-sı qeyri-Avropa ölkələridir, təxminən 13-14 ölkə isə Avropa ölkələridir ki, Azərbaycan ənənəvi olaraq onlara neft satışını həyata keçirir. Bu ölkələr Avropanın ən inkişaf etmiş ölkələridir: İtaliya, Xorvatiya, Çexiya, Rumıniya, Almaniya, Fransa, İspaniya, Portuqaliya, Yunanıstan, Böyük Britaniya və İrlandiya. Azərbaycan artıq Avropada neft bazarının müəyyən hissəsini, neftə olan tələbatın bir qismini təmin etməklə bu bazarda söz sahibi olmağı hədəfləyib və addım-addım buna doğru gedir. Avstriyanın da bu siyahıya daxil olması və 2025-ci il ərzində bu rəqəmin 2,1 dəfə artaraq 177 min tona yaxınlaşması onu göstərir ki, Avropa ölkələrinin Azərbaycandan neft alışına marağı artır. Bu da Avropa ilə iqtisadi əlaqələrimizin güclənməsinə təkan verən amillərdən biridir.

 

Burada əsas təsiredici amillərdən biri ondan ibarətdir ki, Avropa ölkələri tədricən Rusiyadan neft alışını azaldırlar. Yəni Rusiyadan neft alışı Avropa ölkələri üçün böyük risk sayıldığından bazarda alternativ kimi Azərbaycanı görürlər. Düzdür, Rusiyanın neft istehsalı ilə Azərbaycanın neft istehsalı arasında kəskin fərqlər var. Ümumilikdə Azərbaycanda neft istehsalı 27-28 milyon ton təşkil edir, ötən il bu göstərici 27 milyon ton olub. Bunun təxminən 22-23 milyon tonu ixrac üçün nəzərdə tutulur. Avropa ölkələrinin burada üstünlük təşkil etməsi, əsasən, bazara çıxış imkanları və Trans-Adriatik neft kəməri vasitəsilə ixracın həyata keçirilməsi ilə bağlıdır ki, bu da ölkəmiz üçün çox faydalıdır və iqtisadi artıma əhəmiyyətli dərəcədə təsir göstərir. Avropa bazarında söz sahibinə çevrilmək və neft satışını həyata keçirmək, Avropadan müasir texnologiyaların ölkəyə idxal olunması texnologiya sahəsində inkişafa stimul yaradır, eyni zamanda onların idarəetmə sistemlərinin şirkət və müəssisələrdə tətbiqi ölkənin iqtisadi dayanıqlığını və stabil inkişafını təmin edə bilər. Gələcək illərdə Azərbaycanın Avropaya neft ixracının artması istiqamətində səylər davam edəcək. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan təkcə neft deyil, eyni zamanda qaz ixracatçısıdır. 2025-ci il ərzində Avropa ölkələrinə təxminən 13 milyard kubmetr qaz ixrac olunub. Yəni Azərbaycan həm neft, həm də qaz ixracatçısı kimi Avropa bazarında əhəmiyyətli rol oynayır. Bu, ölkəmizin inkişafında və xüsusilə Rusiya kimi iri bir dövlətin bazardan sıxışdırılıb çıxarılması fonunda mühüm addımdır. Onu da qeyd edim ki, Azərbaycanın neft ixracında azalma müşahidə olunur. 2024-cü illə müqayisədə təxminən 1 milyon tona qədər azalma var. Bu tendensiya yaxın dövrdə cüzi azalma ilə davam edə bilər. Bu baxımdan, neft hasilatında ciddi artım gözlənilmədiyi üçün Avropa bazarında yeni alıcılarla əlaqələrin genişlənməsi perspektivləri məhdud görünür. Əvəzində qaz istehsalının artırılması hesabına gələcəkdə qaz satışının əhəmiyyətli dərəcədə artırılmasına nail olmaq mümkündür. Alternativ energetikanın, xüsusilə günəş və külək enerjisinin tətbiqi daxili qaz istehlakını azaltmaqla, həmin həcmlərin Avropa bazarına yönəldilməsinə imkan yarada bilər ki, bu da Azərbaycanın qaz ixracını əhəmiyyətli dərəcədə artıra bilər”.

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər