Azərbaycan BMT ilə enerji və dayanıqlı inkişafı müzakirə edib
Energetika naziri Pərviz Şahbazov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşdə enerji səmərəliliyi, bərpa olunan enerji və Dayanıqlı İnkişaf Məqsədləri üzrə əməkdaşlığı müzakirə edib.
Görüşdə Azərbaycanın yaşıl enerji siyasəti, COP29 və COP30 çərçivəsində öhdəlikləri, o cümlədən emissiyaların 2035-ci ilə qədər 40 % azaldılması hədəfi yüksək qiymətləndirilib. Həmçinin DİM-7 üzrə Yol Xəritəsi, UNESCAP tədbiri, bərpa olunan enerji, hidrogen, interkonnektor layihələri və neft-qaz sektorunun dekarbonizasiyası ilə bağlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Mövzu ilə bağlı enerji eksperti Sadiq Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, keçidi təmin etmək üçün bir çox digər layihələr də planlaşdırılır:
“Azərbaycan bərpa olunan enerjiyə keçidlə bağlı hələ əvvəldən, iqlim dəyişmələri çərçivəsində, 2030-cu ilə qədər istehsal olunan enerjinin 30 faizinin bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi öhdəliyini üzərinə götürüb. Bu istiqamətdə artıq bir çox layihələrin icrasına başlanılıb. Bu layihələrdən birincisi Qaradağda 230 meqavatlıq günəş panellərinin işə salınmasıdır ki, o artıq fəaliyyət göstərir. İkinci layihə isə gələn il istifadəyə veriləcək 240 meqavat gücündəki Xızı-Abşeron külək və günəş elektrik stansiyasıdır.
Gələcəkdə bərpa olunan enerjiyə keçidi təmin etmək üçün bir çox digər layihələr də planlaşdırılır. Belə ki, 2026-2027-ci illərin sonuna qədər Azərbaycanda 2 giqavat gücündə əlavə bərpa olunan enerji mənbələrinin istifadəyə verilməsi gözlənilir. Bunlardan ən irisi Biləsuvarda Çin şirkəti tərəfindən tikintisinə başlanılan 440 meqavatlıq, həmçinin Neftçalada inşası davam edən 315 meqavatlıq günəş panelləri layihələridir. Azərbaycanın illik enerji istehlakı təxminən 23-25 milyard kilovat-saat olduğu üçün enerji tələbatı o qədər də yüksək deyil və bu, ixrac potensialı yaradır. Bu enerjinin Avropa ölkələrinə ixracı ilə bağlı Gürcüstanla danışıqlar aparılır; Gürcüstandan keçən xətt və Qara dənizin dibi ilə Bolqarıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur.
Yaxın illərdə bu layihələr istifadəyə verilsə, enerji istehsalında bərpa olunan enerjinin payı 30 faizə çatacaq ki, bu da Azərbaycanın 2015-ci ildə Paris İqlim Konfransı çərçivəsində götürdüyü öhdəlikdir. Emissiyaların azaldılması üzrə hədəf isə 2030-cu ilə qədər 35 faiz , 2035-ci ilə qədər isə 40 faiz təşkil edir. COP29-a ev sahibliyi və COP30-da iştirak bu ambisiyalı hədəflərə çatmaq üçün mühüm təkan olacaq. Hazırda enerji istehsalının ümumi emissiyalarda payı təxminən 10 faizdir. Nəqliyyat sektorunun, xüsusən elektrik və hibrid nəqliyyat vasitələrinə keçidin də emissiyaların və yanacaq istehlakının azaldılmasında ciddi rolu olacağı planlaşdırılır.
Hidrogen enerjisi ilə bağlı "Advision" şirkəti tərəfindən aparılan tədqiqatlar da uğurlu layihələrə zəmin yaradır. Hidrogen əsasən iki mənbədən, suyun elektrolizi və təbii qazın parçalanması yolu ilə əldə edilir. Suyun elektrolizi ilə hidrogen istehsalı həm baha başa gəlir , həm də saxlanması və nəqli kifayət qədər risklidir. Bu səbəbdən bir çox ölkələr hələlik bu layihələrə ehtiyatla yanaşır, lakin Azərbaycan bu sahədə istehsal planlaşdırarsa, əlavə təhlükəsizlik tədbirləri həyata keçirəcəkdir.
Eyni zamanda, Energetika naziri Pərviz Şahbazovun BMT-nin rezident-əlaqələndiricisi ilə görüşündə enerji effektivliyi məsələləri müzakirə olunub. Azərbaycanda tikilən evlərdə, xüsusən şəxsi həyət evlərində enerji itkisi çoxdur; mərkəzləşmiş isitmə sistemi olmayan evlərdə enerji effektivliyi tədbirləri tətbiq etməklə qaz və elektrik istehlakını 2-3 dəfə azaltmaq mümkündür. BMT-nin dəstəyi ilə bu istiqamətdə layihələrin həyata keçirilməsi emissiyaların azaldılmasına birbaşa təsir edəcək.
Ümumilikdə, Azərbaycanın enerji siyasətini müsbət qiymətləndirirəm. İri layihələrin ixrac potensialı təmin olunarsa, bu, ölkəyə həm maliyyə vəsaiti gətirəcək, həm də ətraf mühitə kifayət qədər müsbət təsir göstərəcəkdir”.
Aydan Əsgərxanlı
