İslam İnkişaf bankı ilə yeni mərhələ: 2027-2031-ci illər strategiyası hazırlanır
İslam İnkişaf Bankı ilə Azərbaycanın əməkdaşlığı 30 ildən çoxdur davam edir. Bank ölkədə 1,8 milyard dollar maliyyə ayırıb, hazırda isə 11 layihə icradadır. Məhəmməd Əl-Casir bildirib ki, 2027–2031-ci illər üçün yeni strategiya hazırlanır və bu, Azərbaycan 2030 ilə uyğun olacaq. 2026-cı ilin iyununda Bakı şəhərində İllik iclaslar keçiriləcək. Əsas layihələrdən biri Qarabağ suvarma kanalıdır və bu layihə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə töhfə verəcək.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, İslam Bankı ilə əməkdaşlıq müəyyən layihələrin maliyyələşdirilməsi üçün müvafiq resurslardan istifadə imkanları yaradır:
“İslam Bankı ilə əməkdaşlıq müəyyən layihələr çərçivəsində həyata keçirilir. Yəni müəyyən layihələr olur və o layihələrin maliyyələşdirilməsində İslam bankçılığının maliyyə resurslarından istifadə etmək üçün imkanlar və fürsətlər yaranır. Bundan başqa Azərbaycanda da ilk dəfədir ki, İslam bankçılığı elementlərinin tətbiqi ilə bağlı qanun layihəsi hazırlanır, qanuna dəyişikliklər hazırlanır. Çox güman ki, yaxın həftələrdə və yaxud yaxın zamanlarda bununla bağlı bir qərarlar olacaq və bu İslam bankçılığı elementlərinin Azərbaycanda tətbiq edilməsi üçün müəyyən şərait və infrastruktur yaradılacaq”.
N. Cəfərli qeyd edib ki, Azərbaycanda bəzi insanların dini inanclarına görə İslam bankçılığına ehtiyac duyması bu sistemin ilkin müştəri bazasını yaratsa da, onun uğurlu olmasısı zamandan asılı olacaq:
“İndi bu nə qədər uğurlu olacaq, nə qədər vətəndaşlar rəğbət göstərəcək, bunu zaman müəyyən edəcək. Amma Azərbaycanda da bəzi insanlar hətta inancından doğan səbəblərdən belə kredit götürmək istəmirlər, yəni İslam qaydaları ilə yaşamağa və yaxud İslam qaydaları ilə maliyyə alətlərindən istifadə etməyə çalışırlar. Çox güman ki, həmin insanlar həmin bankların da müştərisi olacaq Amma bunun özünü doğrultması üçün zamana ehtiyac var”.
Aydan Əsgərxanlı