Kart köçürmələrinə nəzarət gücləndirilir: əlavə xərclər yarana bilər
Son dövrlərdə Azərbaycanda “card to card” əməliyyatlarının həcmi sürətlə artıb. Bu isə maliyyə dövriyyəsinə nəzarətin gücləndirilməsini zəruri edib. Bu dəyişikliklər həm fərdi istifadəçilərə, həm də kiçik biznes sahiblərinə təsir edə bilər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, kart köçürmələrə nəzarət əsasən vergidən yayınmanın qarşısını almaq məqsədi daşıyır və əlavə xərclərin tətbiqini nəzərdə tutmur:
“Xüsusilə, xidmət və ictimai iaşə sektorunda bəzi ödənişlərin kassa vasitəsilə deyil, kartdan-karta edilməsi onların vergiyə cəlb olunmaması və şirkət dövriyyəsində əks olunmamasına səbəb olur. Bu nəzarət mexanizmi həmin halların qarşısını almağa, şəffaflığı artırmağa və vergi daxilolmalarını genişləndirməyə xidmət edir. Adi kartdan-karta köçürmə edən vətəndaşlar üçün əlavə xərc yaratmır. Eyni zamanda, bu yanaşma kiçik və orta biznesdə şəffaf işləyən sahibkarlarla vergidən yayınanlar arasında yaranan qeyri-bərabər rəqabətin aradan qaldırılmasına kömək edir. Nəticədə daha sağlam və ədalətli rəqabət mühiti formalaşır”.

Cavahir Əsgərbəyli