00:00:00
Yazar
Admin User
22.12.2025 17:44 247 3 dəq oxuma
Araşdırma

Azərbaycan–Çin turizm əməkdaşlığının yeni mərhələsi müzakirə olunub

Azərbaycan–Çin turizm əməkdaşlığının yeni mərhələsi müzakirə olunub

Azərbaycan və Çin arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib. Bu müzakirələr Çində keçirilən “CITM 2025” (China International Travel Mart) beynəlxalq turizm sərgisi çərçivəsində baş tutub. Agentliyin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, son dövrlərdə Azərbaycanla Çin arasında siyasi və iqtisadi yaxınlaşma açıq şəkildə müşahidə olunur:

 

"Bu əlaqələrin möhkəmlənməsi nəticəsində qarşılıqlı səfərlərin sayının artacağı gözlənilir. Xüsusilə Çin turistlərinin Azərbaycana gəlməsi və əksinə, azərbaycanlıların Çinə səfərləri həm ticarət, həm də turizm baxımından yeni imkanlar yaradır. Bu prosesə təsir edən mühüm amillərdən biri də iki ölkə arasında viza prosedurlarının yüngülləşməsi, birbaşa aviareyslərin təşkil olunması və qarşılıqlı siyasi etimadın artmasıdır. Dövlət Turizm Agentliyi də bu istiqamətdə aktiv fəaliyyət göstərir-Çinlə bağlı beynəlxalq sərgilərdə iştirak edir, Azərbaycanda Çin turizm şirkətləri ilə görüşlər və işgüzar tədbirlər keçirir. Çin dünya üzrə ən böyük turizm xərcləyicisidir. Təkcə COVID-19 pandemiyasından öncə bu ölkənin xarici turizm xərcləri təxminən 255 milyard dollar təşkil edib. Bu, bir çox ölkələr üçün böyük bir bazar deməkdir və Azərbaycan da bu böyük bazardan pay almağa çalışır. Çinlə artan əməkdaşlıq ölkəmizin turizm sektoruna əlavə gəlir mənbələri gətirə bilər, eyni zamanda Azərbaycanın beynəlxalq imicinin güclənməsinə dəstək verə bilər. Azərbaycan, hər nə qədər Çinlə müqayisədə kiçik bir ölkə olsa da, Şərq və Qərbin qovşağında yerləşən, tarixi və mədəni zənginliyə malik Qafqaz dövləti kimi Çin turistləri üçün böyük maraq kəsb edə bilər. Ölkəmiz həm qədim mədəniyyət, həm də müasir inkişaf baxımından turistlərə çoxşaxəli təcrübə təqdim edir.

 

Eyni zamanda işgüzar turizm istiqamətində də Çinlə əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan bu baxımdan Çin turistləri üçün yeni və cazibədar destinasiya ola bilər. Azərbaycan, həm də qədim İpək Yolunun üzərində yerləşən mühüm bir nöqtə kimi, tarix və ticarət baxımından da maraq doğurur. Bu fakt turizm məhsullarının daha da inkişaf etdirilərək Çin bazarına uyğunlaşdırılması üçün zəmin yaradır. Gələcəkdə bu istiqamətdə görüləcək işlər sayəsində, Çindən daha çox turistin ölkəmizə cəlb olunması üçün əlverişli şərait formalaşdıra bilərik. Hazırda ölkəyə gələn turist sayında ümumi dinamika gözlənilən səviyyədə deyil. 2025-ci ildə xarici turistlərin ümumi sayında müəyyən azalma müşahidə olunur. Lakin bu azalma bəzi ölkələrdən gələn turist sayının azalması ilə bağlıdır. Eyni zamanda bu azalma, Çin kimi böyük və perspektivli bazarlardan gələn turist axını ilə müəyyən qədər kompensasiya oluna bilər. Bunun üçün bir sıra amillər mühüm rol oynaya bilər: əlverişli birbaşa uçuş imkanlarının yaradılması və ya artırılması, vizasız gediş-gəlişin təmin olunması, Çin turistlərinin ehtiyaclarına uyğun bələdçilərin hazırlanması və ya sayının artırılması, həmin bazara uyğun tur marşrutlarının qurulması bu istiqamətdə əsas addımlar ola bilər. OlEyni zamanda, gələcəkdə Qafqaz regionu üzrə birgə regional turizm marşrutlarının hazırlanması da Çin turistləri üçün cəlbedici faktor ola bilər. Bu istiqamətdə görüləcək məqsədyönlü tədbirlər həm turizm gəlirlərinin artırılmasına, həm də Azərbaycan-Çin turizm əlaqələrinin daha da dərinləşməsinə səbəb olacaq".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər