Azərbaycan COP30-da liderlik rolunu göstərib
Braziliyanın Belém şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 30-cu Sessiyası (COP30) və Liderlər Zirvəsi keçirilib. Azərbaycanı Milli Məclisin Sədri Sahibə Qafarova başçılıq etdiyi nümayəndə heyəti təmsil edib və bir sıra ölkələrin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. COP30 çərçivəsində Azərbaycan və Norveç nümayəndələri Paris Sazişi üzrə Qlobal Qiymətləndirmə İcmalı ilə bağlı sənədlərin razılaşdırılmasına rəhbərlik edib. Həmçinin Azərbaycan və Braziliya qlobal iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına yüksəldilməsi üzrə “Bakıdan Belémə Yol Xəritəsi”ni təqdim edib. COP31-in ev sahibliyi isə Türkiyəyə verilib.
Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, bu məsələdə ölkəmiz artıq qlobal səviyyədə liderlik nümayiş etdirir:
“Əlbəttə ki, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq səviyyədə atdığı addımlar, xüsusilə COP29 və COP30 çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdirəlayiqdir və böyük potensiala malik fəaliyyətlər paketini əhatə edir. Bu baxımdan ölkəmiz artıq qlobal səviyyədə liderlik nümayiş etdirir.
COP30-da çox mühüm sənədlər qəbul olunub. Bu sənədlərdən biri də “Qlobal Səfərbərlik Çağırışı” idi ki, insanlığı iqlim dəyişiklikləri ilə mübarizəyə daha fəal şəkildə qoşulmağa çağırırdı. Bu çağırış çərçivəsində ölkələr istixana qazlarının atmosferə atılmasının azaldılması, iqlim dəyişikliyinin qarşısının alınması üçün daha konkret, spesifik və kəskin tədbirlər görməyə çağırılır.
Xüsusilə metan emissiyalarının azaldılması, karbon tullantılarının məhdudlaşdırılması və təbiətə əsaslanan həllərin artırılması kimi məsələlər ön plana çıxır. Eyni zamanda karbon bazarlarına dair yeni qərarların qəbul olunması çox mühüm addımdır. Bu, ölkələrin həm öz ərazilərində, həm də digər ölkələrin ərazilərində karbon emissiyalarını azaltmaq üçün bazar mexanizmlərinə əsaslanan tədbirlər görməsinə imkan yaradacaq.
Adaptasiya məsələləri də gündəmə gəldi və bu sahəyə maliyyə ayırmalarının vacibliyi vurğulandı. Biz COP-u daha çox mitigasiya (azaldılma) tədbirləri ilə tanıyırdıq, lakin artıq adaptasiya — iqlim dəyişikliyinin təsirlərindən yaranan zərərlərin azaldılması, uyğunlaşma və konkret fəaliyyət planlarının hazırlanması məsələləri də diqqət mərkəzinə keçib. Bu, olduqca müsbət haldır.
Eyni zamanda “yaşıl iqtisadiyyata keçid” zamanı sosial ədalətin qorunması, ədalətli keçid və təsirlərin ədalətli paylaşımı prinsipləri də önə çəkildi. Bu paket çərçivəsində şəffaflıq, hesabatlılıq, karbon bazarlarının daha aydın və şəffaf olması, dəstək mexanizmlərinin və informasiya mübadiləsinin dəqiq və effektiv həyata keçirilməsi qərara alınıb.
Əlbəttə, razılaşdırılmayan məqamlar da var idi. Məsələn, “ənənəvi yanacaqdan mərhələli imtina” məsələsi qəbul edilmədi, bir çox ölkələr bu qərara müqavimət göstərib. Həmçinin ABŞ-nin COP30-da aktiv iştirak etməməsi müəyyən məyusluq yaradıb.
Ümumilikdə desək, karbon bazarları, bazar mexanizmlərinin işlənməsi, zərər və təsirlərlə mübarizə, ədalətli keçid və yaşıl iqtisadiyyata düzgün keçid, qlobal koordinasiyanın gücləndirilməsi baxımından COP30 yaradıcılıq baxımından yadda qalan bir tədbir olub".
Aydan Əsgərxanlı
