Yaponiya Yaxın Şərqdəki böhranın başlanğıcından bəri ilk dəfə Azərbaycandan neft alacaq
Azərbaycan nefti ilə tanker artıq çərşənbə axşamı Yokohama limanına çatmalıdır. Bu, Hörmüz boğazı vasitəsilə tədarüklərdəki fasilələr fonunda baş verəcək.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ABŞ-İran qarşıdurması və Hörmüz boğazının bağlanması dünya enerji bazarına, eləcə də qlobal iqtisadiyyata neqativ təsir göstərir:
“Bu təsirlər artıq özünü açıq şəkildə büruzə verməkdədir. Müharibənin başlamasından sonra neftin qiyməti təxminən iki dəfə artıb. Bu isə dünya iqtisadiyyatı üçün əlavə problemlər yaradır və bir çox sahələrə mənfi təsir edir.
O ki qaldı Azərbaycan neftinin tanker vasitəsilə Yaponiyaya göndərilməsinə, bu, əlbəttə ki, müharibə şəraitində yaranmış müəyyən imkanlarla bağlıdır. Belə ki, Azərbaycan artıq öz neftini Yaponiyaya da ixrac etməyə başlayıb. Lakin hesab etmirəm ki, bu, bazardakı ümumi balansı ciddi şəkildə dəyişə bilər. Azərbaycan neft ölkəsi olsa da, dünyanın ən böyük neft istehsalçıları sırasında yer almır. Eyni zamanda, ölkəmizin neft ehtiyatları və dünya bazarına çıxardığı neftin həcmi qlobal bazara həlledici təsir göstərmir.
Bununla belə, enerji siyasətinin balanslaşdırılması və şaxələndirilməsi baxımından bu addım vacib məqam hesab olunur. Həmçinin bu, Azərbaycana əlavə maliyyə gəlirləri qazandırır, ölkənin siyasi imkanlarını və beynəlxalq tərəfdaşlarının sayını artırır. Əlbəttə, yaranmış ehtiyac və imkanlardan istifadə etmək lazımdır. Amma bir daha qeyd etmək lazımdır ki, şaxələndirmə siyasəti və Yaponiya da daxil olmaqla digər ölkələrə göndərilən neft həcmləri dünya bazarında ciddi dəyişiklik yaratmır”.
Səadət Əlizadə