Azərbaycan ədəbiyyatı İstanbulda nümayiş edilir
Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində Mədəniyyət Nazirliyinin nümayəndələri və yerli naşirlərin iştirakı ilə geniş tərkibli heyətlə təmsil olunur. Sərgi çərçivəsində qurulan Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olub.
Dekabrın 21-dək davam edəcək sərgi çərçivəsində panel müzakirələr, kitab təqdimatları və imza günləri təşkil olunacaq. Tədbirlərdə Azərbaycan və Türkiyədən olan yazıçı, şair, nəşriyyat nümayəndələri və ədəbiyyatsevərlər iştirak edəcəklər.
Mövzu ilə bağlı Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı “İnformator.az”a açıqlamasında bildirib ki, mədəni diplomatiya məhz bu cür təmas nöqtələrində gerçək məzmun qazanır:
“Azərbaycan Respublikasının 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində xüsusi stendlə təmsil olunması mədəni diplomatiyanın canlı və təsirli mexanizmlərindən biri sayıla bilər. Burada söhbət təkcə kitab nümayişindən getmir, əlbəttə, bütövlükdə bir ölkənin yaddaşının, kimliyinin, düşüncə modelinin və ən yeni çağırışlara cavab vermə potensialının təqdimindən gedir. Azərbaycan stendi vasitəsilə tarix, ədəbiyyat, dil və çağdaş intellektual axtarışlar bir platformada toplanır və bu, ölkənin “yumşaq güc”ünə güc qatmağa xidmət edir. Mədəni diplomatiya məhz bu cür təmas nöqtələrində gerçək məzmun qazanır — dövlətin sözü siyasətdən öncə mədəniyyətlə deyilir.
Azərbaycan ədəbiyyatının İstanbul kimi strateji mədəni məkanda təqdimatı ölkənin mədəni imicinə çoxqatlı təsir göstərə bilər. Klassik ədəbiyyatımız milli dərinliyi və köklü düşüncə ənənəsini, çağdaş ədəbiyyatımız isə çağdaş dünyaya açıq, dinamik və reflektiv düşüncə mühitini nümayiş etdirir. Bu dənqə Azərbaycanı tarixi irsi olan ölkə kimi tanıtmaqla yanaşı, çağdaş ədəbi proseslərin aktiv iştirakçısı kimi də tanıdır. Xüsusilə qardaş Türkiyə oxucusu üçün bu tanıtım ortaq dil, ortaq yaddaş və ortaq gələcək perspektivini daha da möhkəmləndirməyə töhfədir.
Belə beynəlxalq kitab sərgiləri Azərbaycan mədəniyyətinin rəqabət qabiliyyətinin artırılması baxımından təsirli platformalardır. Çünki burada mədəniyyət passiv şəkildə “göstərilmir”, aktiv dialoqa daxil olur. Panel müzakirələri, imza günləri, canlı ünsiyyət mədəni məhsulu, belə deyək, “muzey eksponatı” olmaqdan çıxarıb dövriyyəyə daxil edir. Bu da Azərbaycan ədəbiyyatının tərcümə imkanlarını, beynəlxalq nəşr perspektivlərini və intellektual işbirliyi şəbəkəsini genişləndirir”.
Həmçinin Əkbər Qoşalı Azərbaycan stendinin İstanbul Beynəlxalq Kitab Sərgisində mədəniyyətin tanıdılması üçün mühüm platforma olduğunu və bu imkanlardan daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayır:
“Nəticə etibarilə, İstanbul Beynəlxalq Kitab Sərgisində Azərbaycan stendi sadəcə sərgi məkanı sayılmamalıdır; bu, mədəniyyətimizin bölgəsəl və qlobal miqyasda özünütanıtma tribunası kimi qəbul görməlidir. Azərbaycan burada oxucu ilə, nəşriyyatla, fikir adamı ilə üz-üzə gəlir və bu təmaslar mədəni gələcəyin sağlam yatırımlarındandır. Yetər ki, hər belə sərgidə iştirakdan sonra öz çatışmazlıqlarımızı, yetərsizliklərimizi sağlam şəkildə müzakirə edək, hər sonrakı sərgiyə daha güclü şəkildə qatılaq.
Bir daha vurğulamaq istərdim ki, hər beynəlxalq sərgi bir gözəl şansa dönüşdürülməli, xeyirxah məqsədli fürsət kimi dəyərləndirilməlidir. Dövlətimizin ali rəhbərliyinin, böyük sənətkarlarımızın yanaşmalarını, şəxsi örnəklərini bu planda da bir nümunə olaraq qəbul etməli, ona uyğun da irəli getməliyik”.
Aydan Əsgərxanlı
