Azərbaycan-Ermənistan neft ticarəti
Bu gün Azərbaycandan Ermənistana 979 ton Aİ-92 markalı avtomobil yanacağı göndərilib. Yanacaq Biləcəri stansiyasından yola salınan 18 vaqondan ibarət qatarla Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Məlumata görə, Azərbaycan ilə Ermənistan arasında neft məhsullarının ticarəti davam edir. Son dövrlərdə bu istiqamətdə həyata keçirilən tədarüklər regional enerji axınlarının aktivliyini göstərir.
Xatırladaq ki, 9 yanvar 2026-cı il tarixində Azərbaycandan Ermənistana ümumilikdə 2 698 ton Aİ-92 markalı avtomobil yanacağı ixrac olunub. Bundan əlavə, 2025-ci il dekabrın 18-də 1 220 ton Aİ-95 markalı yanacaq da qarşı tərəfə göndərilib.
Qeyd olunan tədarüklər Azərbaycan məhsullarının region ölkələrinə ixracının davam etdiyini və tranzit imkanlarının səmərəli şəkildə istifadə olunduğunu göstərir.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, nə qədər ki, Ermənistan enerji daşıyıcılarına möhtacdır, o qədər də bu əməkdaşlıq sülh münasibətlərinə zəmanət verəcək:
“Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri məhz lazımlı nöqtədən – enerji sahəsindən başlayıb. Bu gün enerji əməkdaşlığı və enerji ticarəti beynəlxalq münasibətlərin ən aparıcı istiqamətlərindən birinə çevrilib. Demək olar ki, bütün ölkələrin enerji daşıyıcılarına ehtiyacı var. Həm enerji satan, həm də alan ölkələr bu sahədən asılı olaraq öz təhlükəsizliklərini və inkişaflarını təmin edirlər.
Azərbaycanla Ermənistan arasında əlaqələr yeni qurulur. Artıq Gürcüstan üzərindən, üçüncü tərəflər vasitəsilə benzin və dizel Ermənistana çatdırılır. Yəqin ki, gələcəkdə sülh sazişi imzalandıqdan sonra bu tədarüklərin həcmi daha da artacaq və ticarət miqyası genişlənəcək. Hazırda yalnız Azərbaycan Ermənistana enerji daşıyıcıları satır. Lakin gələcəkdə Azərbaycanın da Ermənistandan müəyyən məhsullar alacağı gözlənilir. Çünki ticarətin qarşılıqlı xarakter daşıması hər iki ölkə üçün daha səmərəli olar.
Enerji sahəsində əməkdaşlıq nə qədər genişlənməsindən asılı olmayaraq, Azərbaycan-Ermənistan münasibətlərində strateji əhəmiyyətə malik olacaq. Ermənistan enerji daşıyıcılarına ciddi ehtiyac duyur. Təbii ehtiyatları və qazıntı yanacaq mənbələri olmadığından, enerji resurslarını başqa ölkələrdən baha qiymətə və dolayısı yollarla əldə edir.
Azərbaycanla enerji əməkdaşlığı Ermənistan üçün həm əhəmiyyətli, həm də perspektivli istiqamətdir. Bu ehtiyac daim olacaq. Nə qədər ki, Ermənistan enerji daşıyıcılarına möhtacdır, o qədər də bu əməkdaşlıq sülh münasibətlərinə zəmanət verəcək. Beləliklə, Azərbaycanın enerji daşıyıcılarının Ermənistan bazarına daxil olması iki ölkə arasında sabit və davamlı münasibətlərin təminatına çevriləcək.
Eyni zamanda, bu əməkdaşlıq Ermənistandakı revanşist qüvvələrin təsir imkanlarını məhdudlaşdıracaq, onların siyasi fəallığını azaldacaq və bölgədə yeni bir enerji əməkdaşlığı səhifəsinin açılmasına səbəb olacaq”.
Həmçinin mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Sadiq Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, əgər bu əlaqələr inkişaf etdirilərsə, gələcəkdə Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün bərqərar olmasına da ciddi töhfə verə bilər:
“Ermənistana yanacağın, xüsusilə Aİ-92 markalı benzinin göndərilməsi yeni bir hadisədir. Uzun illər ərzində, xüsusilə də müharibədən və gərginliklərdən sonra Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlər olmamışdır. Bildiyiniz kimi, müharibə baş verdikdən sonra Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və xüsusilə də Qarabağa, o cümlədən Yuxarı Qarabağa iddialı olub.
Bu müharibə dövründən sonra iqtisadi əlaqələrin formalaşmasını kifayət qədər müsbət qiymətləndirirəm.
Azərbaycanın Ermənistana neft ixrac etməsi və eyni zamanda qaz ixracına da hazırlaşması çox müsbət hadisədir. Düşünürəm ki, bu cür əlaqələr gələcəkdə ümumilikdə Azərbaycanla Ermənistan arasında münaqişələrin tam şəkildə sona çatmasına və davamlı iqtisadi münasibətlərin qurulmasına kömək edə bilər.
Burada əsas məsələ odur ki, Ermənistan yanacaq idxal edən ölkədir. Onun ümumi enerji tələbatı təxminən 3 milyon ton neft ekvivalentindədir. Bu tələbat həm qaz, həm neft, həm də digər yanacaq növlərini əhatə edir. Ermənistan elektrik enerjisinin təxminən 30-40 faizini atom elektrik stansiyalarından təmin edir. Onların bir neçə atom elektrik stansiyası mövcuddur və bu enerji ehtiyaclarını müəyyən qədər qarşılayır. Lakin qalan hissə isə əsasən qazdan, neftdən və dizel yanacağından asılıdır.
Əvvəllər Ermənistan bu məhsulları əsasən Rusiyadan alırdı, sonradan İranla da əlaqələr quruldu. Hazırda Azərbaycanla iqtisadi əlaqələrin qurulması müsbət hadisədir və əgər bu əlaqələr inkişaf etdirilərsə, gələcəkdə Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün bərqərar olmasına da ciddi töhfə verə bilər.
Ermənistanda iqtisadi əlaqələrin bir zamanları olub. Yəni Sovet dövründə Naxçıvan əhalisi, Qazax-Qərb zonasının əhalisi, Qazax, Ağstafa, Tovuz rayonları, rahat şəkildə Ermənistana gedib, həm iqtisadi təminatlarını həll edə bilirdilər, həm də müəyyən kənd təsərrüfatı məhsullarını sata bilirdilər. Yəni bu, müsbət bir tendensiya kimi vaxtilə mövcud olub.
Bütün bu iqtisadi əlaqələrin bərpası, həm onlardan müəyyən məhsulların Azərbaycana gətirilməsi, həm də Azərbaycandan ora məhsul göndərilməsi sülhün daha dayanıqlı olmasına kömək edə bilər”.
Aydan Əsgərxanlı
