“Azərbaycan Gürcüstan üçün ən sərfəli qaz təchizatçılarından biridir”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla qaz təchizatı üzrə danışıqların davam etdiyini bildirib. Onun sözlərinə görə, tərəflər arasında aparılan müzakirələrin müsbət nəticə verəcəyinə və yaxın vaxtlarda razılaşma əldə olunacağına ümid var.
Mövzu ilə bağlı iqtisadçı Fuad İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Gürcüstan üçün ən sərfəli qaz təchizatçılarından biridir və bu, rəsmi statistik göstəricilərdə də açıq şəkildə əks olunur:
“Rəsmi statistik məlumatlara əsaslansaq və 2025-ci ilin yanvar–sentyabr ayları üzrə göstəricilərə baxsaq, görərik ki, Azərbaycan qazı ən ucuz qiymətə məhz Gürcüstana satılıb. Həmin dövrdə 1000 kubmetr qazın Gürcüstan üçün orta qiyməti cəmi 109,2 dollar təşkil edib. Bu isə onu göstərir ki, Azərbaycan Gürcüstana həm iqtisadi, həm də strateji baxımdan xüsusi yanaşma sərgiləyir. Azərbaycanın digər ölkələrə satdığı qazın qiyməti Gürcüstanla müqayisədə xeyli yüksəkdir. Müqayisə üçün qeyd edim ki, eyni dövrdə Türkiyəyə satılan Azərbaycan qazının 1000 kubmetri orta hesabla 273,5 dollara başa gəlib. Avropa bazarında isə qiymətlər daha yüksəkdir. Məsələn, İtaliyaya 1000 kubmetr qaz 501,3 dollara, Yunanıstana isə 532,1 dollara satılıb. Hətta Serbiya kimi ölkələr üçün bu rəqəm 559,5 dollara qədər yüksəlib. Bu faktlar göstərir ki, Gürcüstan Azərbaycan qazını ən aşağı qiymətlə əldə edən ölkələr sırasındadır.Bu siyasətin arxasında iqtisadi deyil, daha çox strateji və geosiyasi amillər dayanır. Gürcüstan Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir. Bu gün Azərbaycanın həyata keçirdiyi ən mühüm enerji və nəqliyyat layihələri məhz Gürcüstan üzərindən keçir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi layihələr təkcə iki ölkə üçün deyil, bütövlükdə region və Avropa üçün mühüm əhəmiyyət daşıyır”.
İqtisadçı vurğulayıb ki, Bakı–Tbilisi–Ərzurum qaz kəməri sonrakı mərhələdə TANAP və TAP layihələrinə inteqrasiya olunaraq Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasında açar rol oynayır:
“Bu infrastruktur Gürcüstanı Azərbaycanın enerji siyasətində vazkeçilməz tərəfdaşa çevirir. Belə bir şəraitdə qaz təchizatı ilə bağlı danışıqların uğurla başa çatacağı kifayət qədər real görünür. Azərbaycan indiyədək bu məsələlərdə həmişə xoşməramlı mövqe nümayiş etdirib və strateji tərəfdaşlıq prinsiplərinə sadiq qalıb. Hazırda aparılan danışıqların müsbət nəticələnməsi ehtimalı yüksəkdir, lakin yekun qərarlar konkret razılaşmalar əsasında qiymətləndirilməlidir. Mən düşünürəm ki, danışıqlar nəticə verəcək və tərəflər razılığa gələcək. Azərbaycan hər zaman xoşqonşuluq və strateji tərəfdaşlıq siyasətini ön planda tutub. Amma bütün hallarda məsələni zaman və konkret şərtlər çərçivəsində izləmək lazımdır. Yalnız razılaşma rəsmiləşdirildikdən sonra daha dəqiq qiymətləndirmə aparmaq olar.Mümkün qaz razılaşması Gürcüstanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Azərbaycan qazı Gürcüstanın qaz tələbatının əhəmiyyətli hissəsini ödəyir və bu əməkdaşlıq davam edərsə, Gürcüstan üçün həm qiymət sabitliyi, həm də enerji təminatı baxımından ciddi üstünlüklər yaranacaq. Bu, eyni zamanda regional enerji təhlükəsizliyinə də müsbət təsir göstərəcək”.
Ayşə Müzəfərli
