Azərbaycan hidrogen enerjisi sahəsində regionun lideridir
Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda hidrogenin tətbiqi məsələlərində lider mövqe tutur. Bunu MAIRE şirkətinin Mərkəzi Asiya, Xəzər və Türkiyə üzrə vitse-prezidenti Nikkolo Heilpern Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbiri çərçivəsində deyib.
Onun sözlərinə görə, bu, ölkənin hidrogen inkişafı məsələlərində öndə olduğunu sübut edir:
“COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında ‘yaşıl enerji dəhlizi’nin yaradılması üzrə imzalanmış saziş isə strateji baxışın mövcudluğunu təsdiqləyir. Bu regionun liderləri uzaqgörəndir”.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında enerji məsələləri üzrə mütəxəssis Sadiq Həsənov bildirib ki, hidrogen enerjisi yaşıl enerjinin əsas elementlərindən biri sayılır:
“Su ehtiyatları çox olduğuna görə onun ehtiyatları da həddindən artıq yüksəkdir. Hidrogen enerjisinin yaratdığı enerji benzindən 4 dəfə böyükdür. Hidrogen enerjisi yandıqdan sonra ancaq su əmələ gəlir. Bu da sıfır təsirə malikdir. Hidrogen enerjisinin inkişafı üçün 1960-cı illərdən bəri bütün dünyada tədqiqat işləri aparılıb. ABŞ, Avropa ölkələri və Çində hidrogen enerjisindən istifadə olunub. Hidrogen enerjisi bir neçə mənbədən alınıb. Hidrogenin özü də müəyyən rənglərə bölünüb. Buraya çəhrayı, qəhvəyi və boz rənglər daxildir. Hər birinin öz fərqli funksiyası var. Boz hidrogen metan qazından, mavi hidrogen təbii qazdan, yaşıl hidrogen isə sudan alınır. Sudan alınan hidrogen daha bahalı olduğuna görə digər üsullardan istifadə ediblər. Elektroliz prosesi vasitəsilə su parçalanır və hidrogen qazı yaranır. Çin dünyada ən çox hidrogen qazı istehsal edən ölkələrdən biridir. 270 geqavatadək hidrogen enerjisi istehsal edə biliblər. Azərbaycanda hidrogen enerjisinin istehsalı məqsədilə işçi qrupu yaradılıb. Bununla bağlı Niderland şirkəti ilə əlaqələr qurulub. Energetika naziri Qazaxıstan və Özbəkistanla bu sahədə addımlar atıb. Xəzər dənizində energetika istehsalı 150 geqavata yaxındır. Azərbaycan 2026-cı ilə qədər 2 geqavat hidrogen enerjisi istehsal edə biləcək. Hidrogen qazının nəqli üçün onu -250 dərəcədə soyutmaq lazımdır. Araşdırma işləri Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilib”.
Aygün Babayeva
