Azərbaycan iqtisadiyyatı 1,6 % böyüyüb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,2 % artıb.
Mövzu ilə bağlı Bakı Ali Neft Məktəbinin kafedra müdiri Altay İsmayılov "İnformator.az"a açıqlamasında bildirib ki, azalmanın makroiqtisadi təsirlərini isə xüsusilə 2025-ci ildə daha qabarıq şəkildə görürük:
"Ümumilikdə, qeyd edilən ÜDM-dəki 1,6 faizlik artım Azərbaycan üçün arzuolunan artım tempi deyil. Əvvəlcə bunu vurğulamaq istəyirəm ki, hazırkı mənzərə göstərir ki, yüksək olmayan bu artım tempi, əsasən, neft-qaz sektorunda əlavə dəyərin azalması və qeyri-neft sektorundakı cüzi artım hesabına formalaşmışdır. Ümumiyyətlə, dünya təcrübəsi də göstərir ki, neft-qaz sektorunda ölkə istehsalının pik həddə çatmasından sonra azalma tendensiyası başlayır. Son illərdə bizim təcrübəmizdə də xam neft istehsalında dövri olaraq müşahidə olunan ciddi azalma məhz bunun nəticəsidir. Bu azalmanın makroiqtisadi təsirlərini isə xüsusilə 2025-ci ildə daha qabarıq şəkildə görürük. Xam neft hasilatındakı azalma eyni zamanda ixracın həcmini aşağı salaraq valyuta gəlirlərinin azalmasına səbəb olur ki, bu da maliyyə sabitliyi və valyuta bazarı üçün müəyyən siqnallar daşıyır. Digər tərəfdən, neftin dünya bazar qiymətinin yüksək volatilliyi də nəzərə alınmalıdır. 2025-ci ili 2024-cü illə müqayisə etdikdə görürük ki, bir barel neftin orta qiyməti daha aşağıdır və bu da neft gəlirlərində azalmaya, bunun nəticəsində isə ÜDM-də neft sektorunun əlavə dəyər payının enməsinə gətirib çıxarmışdır".
Ekspertin sözlərinə görə, göstərilən rəqəmlər qısamüddətli və müvəqqəti xarakter daşımır:
"Daxili amillərə nəzər salsaq, yataqların köhnəlməsi və onları əvəz edəcək yeni yataqların kifayət qədər olmaması mühüm rol oynayır. Paralel olaraq, dünyada gedən enerji transformasiyası alternativ və ekoloji təmiz enerji mənbələrinə artan tələb
ənənəvi neft yataqlarının kəşfinə investisiya qoyuluşlarını azaldır və yeni yataqların axtarışını arxa plana keçirir. Beləliklə, ümumi mənzərəni xülasə etsək,göstərilən rəqəmlər qısamüddətli və müvəqqəti xarakter daşımır. Hər nə qədər uzun illərdir qeyri-neft sektorunun inkişafından danışsaq da, bu gün həmin sektorun artım tempi neft hasilatındakı azalmanı kompensasiya etmək gücündə deyil. Buna görə də qeyri-neft sektoruna maraq və dəstək daha güclü şəkildə artırılmalı, iqtisadi siyasətin tərkib hissəsi olaraq yüksək əlavə dəyər yaradan sahələrin inkişafına investisiyalar gecikmədən genişləndirilməlidir. Burada xüsusilə texnoloji və elmtutumlu məhsulların istehsalı üçün zəruri infrastrukturun formalaşdırılması və bu sahənin paralel şəkildə təşviq edilməsi vacibdir".

Xədicə Məhərrəmli
