Günəş panelləri dəbi: Alternativ enerji həqiqətən sərf edir?
Son illərdə dünyada alternativ enerji mənbələrinə maraq sürətlə artır. Xüsusilə, günəş panelləri həm ekoloji, həm də iqtisadi baxımdan gələcəyin enerji həlli kimi təqdim olunur. Azərbaycanda da fərdi evlərdə və bəzi müəssisələrdə günəş panellərinin istifadəsi getdikcə yayılır. Lakin bu texnologiyanın ilkin xərcləri, effektivliyi və uzunmüddətli faydası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəs günəş enerjisi həqiqətən sərfəli seçimdirmi?
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az” a açıqlamasında bildirib ki,günəş enerjisi uzunmüddətli dövrdə həm iqtisadi, həm də ekoloji baxımdan faydalıdır:
“Günəş panellərinə investisiya qoyuluşunu qiymətləndirərkən ilk növbədə nəzərə almaq lazımdır ki, bu texnologiya hər ölkə üçün eyni dərəcədə səmərəli deyil. Xüsusilə, şimal və ya iqlimi əsasən soyuq olan ölkələrdə günəş enerjisindən istifadə nə iqtisadi, nə də ekoloji baxımdan yüksək fayda verir. Buna görə də ölkənin iqlim şəraiti, günəşli günlərin sayı və alternativ enerji mənbələrinə keçidin nə dərəcədə effektiv olacağı əsas amillərdən hesab olunur. Azərbaycan üçün isə günəş enerjisinə investisiya qoyuluşu faydalıdır. Çünki ənənəvi enerji resurslarının tədricən azalması və alternativ enerjidən istifadənin genişlənməsi həm ekoloji, həm də iqtisadi üstünlüklər yaradır. Günəş panellərinin orta istifadə müddəti təxminən 25 ildir. İlkin quraşdırma müəyyən qədər yüksək maliyyə tələb etsə də, sərf olunan vəsait zamanla geri qayıdır. Hazırkı hesablamalara əsasən, istehlak səviyyəsindən asılı olaraq günəş panelinin öz xərcini çıxarması üçün orta hesabla 7-10 il tələb olunur. Bu müddətdən sonra isə sistem gəlir gətirməyə başlayır. Yəni maksimum 25 illik istifadə müddətinin təxminən 10 ili xərcin geri qayıtmasına sərf olunursa, qalan illər iqtisadi qazanc hesab edilir. Bundan əlavə, enerji ixrac edən ölkələr üçün alternativ enerji mənbələrinin inkişafı xüsusi iqtisadi əhəmiyyət daşıyır. Daxili istehlakda alternativ enerjidən istifadənin artması ənənəvi enerji resurslarının ixrac imkanlarını genişləndirə bilər. Alternativ enerjinin ölkə iqtisadiyyatına ciddi təsirindən danışmaq üçün onun enerji təchizatındakı payı kifayət qədər yüksək olmalıdır. Yəni ən azı 70-80 faiz səviyyəsində alternativ enerji mənbələrindən istifadə təmin edilməlidir ki, bunun iqtisadi təsirləri daha aydın hiss olunsun. Burada mühüm məsələlərdən biri də enerji saxlama sistemləri, xüsusilə, batareyalardır. Günəş panelləri ilə birlikdə istifadə olunan bu batareyalar kifayət qədər bahalıdır və onların xərcinin hansı müddətdə geri qayıdacağı da hesablanmalıdır. Yalnız bundan sonra xalis mənfəət və iqtisadi səmərəlilikdən danışmaq mümkündür. Eyni zamanda alternativ enerji mənbələrinin, xüsusilə, günəş panellərinin istifadəsi elektrik təchizatının dayanıqlığını artırır, elektrik kəsintilərinin təsirini azaltmağa kömək edir və enerji təhlükəsizliyi baxımından mühüm rol oynayır”.
Arzu Poladova