Azərbaycan iqtisadiyyatında yaşıl enerjiyə keçid imkanı varmı?
Qlobal iqlim dəyişiklikləri və ekoloji çağırışlar fonunda ölkələrin iqtisadi modellərində yaşıl keçid vacib hədəfə çevrilib. Azərbaycanın da enerji resurslarına əsaslanan iqtisadiyyatında bu keçidin mümkünlüyü və real mexanizmləri geniş müzakirə mövzusudur.
İqtisadçı ekspert Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, yaşıl enerji keçidi təkcə ekoloji baxımdan deyil, həm də Azərbaycanın enerji resursları ölkəsi kimi potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır:
"Yaşıl enerjiyə, iqtisadiyyata keçid artıq neçə ildir ki, Azərbaycan iqtisadiyyatında əsas prioritet vəzifələrdən biri sayılır. Bu, ölkənin əsas strateji hədəflərindən biri kimi müəyyən olunub. Azərbaycan yaşıl enerji keçidi üçün böyük həcmdə investisiyaları cəlb edib. Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə fəaliyyət göstərən şirkətləri ölkəmizdə iri həcmli sərmayələr yatırıb. Artıq bir neçə il öncə bu sahədə real addımlar atılıb və Azərbaycan bu sahədə dünya miqyasında söz sahibi olan ölkələrdən biri hesab olunur. Getdikcə bu sahə Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir. Yaşıl enerji keçidi təkcə ekoloji baxımdan deyil, həm də Azərbaycanın enerji resursları ölkəsi kimi potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Məsələn, Azərbaycan qaz ixracı sahəsində Avropa ölkələri qarşısında öhdəliklər götürüb və daxildə də tələbatı artır. Bu səbəbdən yaşıl enerjidən istifadə daxili bazarda mavi yanacağa olan tələbatı azalda və həmin qazın daha çox hissəsinin ixracına şərait yarada bilər. Ümumiyyətlə, bərpa olunan enerji mənbələrinin inkişafı iqtisadiyyata müsbət təsir göstərir və hərtərəfli inkişafa töhfə verir. Xüsusilə də qeyri-neft sektorunun inkişafında əsas amillərdən birinə çevrilib. Dövlət və hökumət bu keçidi təşviq etmək üçün bir sıra mühüm addımlar atmaqdadır. COP29 tədbirinin Azərbaycanda keçirilməsi zamanı da vurğulanıb ki, Azərbaycan hökuməti yaşıl enerji sahəsinə ən çox investisiya cəlb edən ölkələrdən biridir".
Səmayə Səftərova
