“Azərbaycan kinosu Hollivud yox, öz yolunu axtarmalıdır”
Azərbaycan kinosu son illərdə həm yerli, həm də beynəlxalq səviyyədə diqqət çəkir, lakin sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Ən çox müzakirə olunan mövzulardan biri yaradıcılıq azadlığıdır - rejissorların və ssenaristlərin ideyalarını sərbəst ifadə edə bilməsi vacibdir, lakin bu azadlıq başqalarının hüquqlarını pozmamalıdır. Digər tərəfdən, maliyyələşmə məsələsi də tez-tez qabardılır, lakin ekspertlər hesab edir ki, əsas problem pulda deyil, kino sahəsinin işləmə mexanizmindədir.
Mövzu ilə bağlı “İnformator.az” rejissor Əli-Səttar Quliyevin fikirlərini öyrənib:
“Yaradıcılıq azadlığı vacibdir, lakin yalnız o həddə qədər ki, başqasının azadlığı pozulmasın. Burada balans çox önəmlidir. Maliyyələşmə məsələsinə gəldikdə isə, mən bunu əsas problem hesab etmirəm. Azərbaycan kasıb ölkə deyil və istək olduğu halda kinonun inkişafı üçün kifayət qədər vəsait tapmaq mümkündür. Məncə, əsas problem pullarda yox, mexanizmdədir.
Eyni zamanda başa düşməliyik ki, Azərbaycan kinosundan Hollivud gözləmək lazım deyil. Bizim öz yolumuz, öz səsimiz, öz üslubumuz olmalıdır. Əgər biz elementar peşəkar meyarlara, dürüstlüyə, məsuliyyətə, tamaşaçıya və peşəyə hörmətə əməl etsək, zamanla hər şey öz yerini tapacaq”.
Rejissor hesab edir ki, problemlərin həlli yalnız maliyyə ilə bağlı deyil və əsas diqqət yaradıcılıq azadlığı və kinematoqrafiyanın işləmə mexanizminin düzgün qurulmasına yönəlməlidir.
“Kinematoqrafiyanın mexanizmindən asılı olan məmurlar və idarəçilər xüsusi rol oynayırlar. Onların mədəniyyət sahəsindən olub-olmamasının o qədər də əhəmiyyəti yoxdur. Əsas odur ki, onlar kinonu sevsinlər və ya ən azı onun ənənələrinə hörmət etsinlər, kino adamlarını dinləməyi, təhlil aparmağı və nəticə çıxarmağı bacarsınlar”,-deyə o,fikirlərini yekunlaşdırıb.
Fidan Ağayeva
