Azərbaycan “Mara’ee 2025” festivalında uğurla təmsil olunub
Azərbaycan Dövlət Sərhəd Xidmətinin mədəniyyət və yaradıcılıq kollektivləri Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” beynəlxalq festivalında çıxış ediblər. Mədəni ənənələrin tanıdılması və ölkələrarası əlaqələrin güclənməsinə yönəlmiş tədbirdə Azərbaycan nümayəndə heyətinin proqramı tamaşaçılar tərəfindən xüsusi maraqla izlənilib.
Festivalda DSX süvarilər dəstəsi də xüsusi nömrə ilə çıxış edib. Tədbirdə iştirak edən Bəhreyn Kralı Həmd bin İsa Al Xəlifə Azərbaycan kollektivinə təşəkkür edərək, onların çıxışını yüksək qiymətləndirib.
Mövzu ilə bağlı Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı "İnformator.az" saytına açıqlamasında bildirib ki, Azərbaycan kollektivlərinin beynəlxalq festivallarda iştirakı təkcə estetik nümayiş deyil, dərin mənəvi və strateji məna daşıyır:
"Bəzən bir festival, bir səhnə, bir çıxış bütöv bir xalqın ruhunu, yaddaşını, özünü təsdiq enerjisini və mədəni irsini dünyaya çatdıran körpüyə çevrilə bilir. Sizin də toxunduğunuz tədbirdə Azərbaycanın iştirakı məhz bu baxımdan əhəmiyyətlidir.
Bu festivallarda təqdim olunan sənət nümunələri – musiqi, rənglər, süvarilərimizin məqamlı ritmləri sadəcə estetik baxımdan yox, Azərbaycanın tarixdən gələn kimliyinin çağdaş interpretasiyası kimi dəyərləndirilə bilər. Bu çıxışlar bir daha sübut edir ki, Azərbaycan mədəniyyəti yalnız coğrafi məkan deyil, eyni zamanda bir sivilizasiya xəttinin daşıyıcısıdır.
Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələr müxtəlif coğrafiyalarda özünü göstərir: Türk dünyası, keçmiş sovet məkanı, Qafqaz, Şərqi Avropa və indi də Körfəz ölkələri ilə inkişaf edən yeni mədəni xətlər. Bu, həm tarixi irsimizə əsaslanır, həm də müstəqil və qalib Azərbaycanın çağdaş təqdimatı kimi çıxış edir.
Azərbaycan artıq təkcə enerji ölkəsi deyil, mədəniyyət ölkəsi kimi də tanınır. Dövlət Sərhəd Xidmətinin yaradıcı kollektivlərinin çıxışları bu baxımdan simvolik rəmz daşıyır. Müharibədə qəhrəmanlıq göstərən bu strukturun mədəniyyət sahəsində də fəallığı ölkənin kompleks gücünün təzahürüdür.
Bu təcrübə gələcəkdə “Azərbaycan-Körfəz Mədəniyyət Həftəsi”, “Qafqaz-Ərəb İncəsənət Körpüsü”, “Atçılıq və Süvari Mədəniyyəti Forumu” kimi layihələrin reallaşmasına model ola bilər.
Beynəlxalq səhnədə çıxış bir xalqın yaddaşı ilə dünyaya etdiyi müraciət kimi də qəbul oluna bilər. Bu müraciətin dili – musiqi, rəqs, süvarilərin ritmik hərəkətləri və davranış mədəniyyətidir. Əgər biz atı əhliləşdirmiş bir xalqın övladları olaraq bu gün atçılıq mədəniyyətimizi bu səviyyədə təqdim edə biliriksə, bu, həm tarixi mirasa sadiqliyimizi, həm də çağırışlara cavab verə bilmək gücümüzü göstərir.
Bu festivallar Azərbaycanın mədəniyyət strategiyasının yeni mərhələyə keçidini nümayiş etdirir. Mədəniyyət artıq sadəcə nümayiş vasitəsi deyil, dövlət siyasətində strateji resursa çevrilmişdir. Bəhreyn kralının Azərbaycan kollektivinə xüsusi təşəkkür etməsi göstərir ki, mədəniyyət diplomatiyası bəzən klassik diplomatiyanın aça bilmədiyi qapıları aça bilir. Bu kimi festivallar Azərbaycan üçün yeni mədəni xəritənin genişlənməsini təmin edir.
Belə iştiraklar gələcəkdə üç istiqamətdə mühüm nəticələr verə bilər:
Türk-Ərəb mədəni körpülərinin möhkəmlənməsi, Körfəz ölkələri ilə birgə sərgilər, musiqi layihələri, film və teatr festivallarında əməkdaşlıq, yeni yaradıcı platformaların, məsələn, “Azərbaycan-Körfəz Mədəniyyət Həftəsi”, “Qafqaz-Ərəb İncəsənət Körpüsü” və ya “Atçılıq və Süvari Mədəniyyəti Forumu” kimi layihələrin formalaşması.
Azərbaycan artıq özünü təkcə enerji ölkəsi yox, həm də mədəniyyət ölkəsi kimi təqdim edir. Dövlət Sərhəd Xidmətinin yaradıcı kollektivlərinin çıxışı bu baxımdan simvolik rəmzdir. Bu qurum Vətən müharibəsində qəhrəmanlıq göstərdiyi kimi, bu gün də mədəniyyət sahəsində nümunəvi çıxışlarla ölkəmizi beynəlxalq aləmdə təmsil edir.
Bu kimi çıxışlar göstərir ki, Azərbaycan milli kodlarını qoruyaraq qlobal mədəni proseslərin fəal iştirakçısına çevrilib. Mədəniyyət artıq sadəcə nümayiş elementi deyil, dövlətin strateji resurslarından biridir.
Beləliklə, Azərbaycanın Bəhreyndəki uğurlu çıxışı sübut etdi ki, mədəniyyət həm tarixi yaddaş, həm də gələcəyə yönəlmiş çağırışdır. Bu tip iştiraklar milli kimliyi dünyaya tanıdır, mədəni diplomatiyanı gücləndirir və yeni yaradıcı əməkdaşlılara yol açır. Azərbaycan öz mədəniyyətini yalnız göstərmir, onu yaşayır, yeniləyir və dünyayla bölüşməyi bacarır".
Mövzu ilə bağlı açıqlamasında vətəndaş Səma Mustafayeva isə bildirib ki, Azərbaycanın xaricdə mədəniyyətini göstərməsi həqiqətən çox böyük təsir edir:
"Çünki başqa ölkələrdə yaşayan insanlar bizə adətən yalnız xəbərlərdə gördükləri ilə qiymət verirlər. Amma bizim musiqimizi, rəqslərimizi, geyimlərimizi, ənənələrimizi öz gözləri ilə görəndə anlayırlar ki, Azərbaycan çox zəngin mədəniyyətə malik bir ölkədir.
Belə tədbirlərdə çıxış edən kollektivlər sadəcə sənət göstərmirlər, onlar bizim kim olduğumuzu, necə düşündüyümüzü, nəyi sevdiyimizi göstərirlər. Bu da insanlarda həm maraq yaradır, həm də hörmət.
Səmimi deyim, belə uğurları görəndə adamın içində bir fəxarət hissi yaranır: “Hə, bizimkilər orada da gözəl çıxış etdilər, ölkəmizi layiqincə tanıtdılar”. Bu da insanları Azərbaycana daha yaxınlaşdırır, ölkəmizə gəlmək, tanımaq istəyini artırır.
Yəni qısa desəm, mədəniyyətimizi dünyaya göstərmək həm bizi tanıdır, həm də bizim haqqımızda daha isti, daha düzgün bir fikir formalaşdırır".
Aişə Mustafayeva
