Azərbaycan-Monteneqro iqtisadi münasibətləri müzakirə olunub
Maliyyə naziri, Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Monteneqronun Baş nazirinin müavini və Xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mövzu ilə bağlı iqtisadi resursların öyrənməsi mərkəzinin sədri Ruslan Atakişiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Monteneqro ilə Azərbaycan arasında münasibətlərin inkişafı, qarşılıqlı investisiyaların artması və əməkdaşlığın dərinləşməsi hər iki ölkə üçün iqtisadi və strateji baxımdan mühüm əhəmiyyət daşıyır:
“Monteneqronun Azərbaycanla bağlı mövqeyi bir neçə əsas istiqamət üzrə formalaşıb. Bu çərçivədə bilik və əməkdaşlığın əhəmiyyəti ön plana çəkilir. Azərbaycan bu sahədə ardıcıl və məqsədyönlü addımlar atıb. Bir milyard dollardan artıq vəsait Azərbaycandan müxtəlif layihələrə və əməkdaşlıq istiqamətlərinə yatırılıb. Nəticədə Azərbaycan bir sıra sahələr üzrə mühüm fərqliliklər və nailiyyətlər əldə edib. Gözlənilir ki, gələcəkdə Monteneqro ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi, qarşılıqlı investisiyaların genişlənməsi hər iki ölkə üçün faydalı olacaq. Bu proses ticarət dövriyyəsinin artmasına və iqtisadi əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq”.
Fidan Alışova
