Azərbaycan Musiqisində Yeni Trendlər
Son illərdə Azərbaycan musiqi səhnəsi ciddi şəkildə dəyişib. Gənc ifaçılar müxtəlif janrları birləşdirərək daha modern, dinamik və beynəlxalq səslənən musiqilər yaradırlar. Pop-folk, indie, electronic və R&B kimi janrlar yerli auditoriyada sürətlə populyarlaşır. Sosial media və streaming platformaları isə ifaçıların tanınmasını daha da asanlaşdırır, yeni üslubların yaranmasına şərait yaradır. Bu trendlər həm musiqi zövqünü, həm də yerli musiqi bazarının inkişaf istiqamətini formalaşdırır.
Mövzu ilə bağlı musiqiçi Rəhman Şərifov "İnformator.az" saytına açıqlamasında bildirib ki, yeni musiqi janrlarının formalaşması sürətlə davam edir və edəcək:
"Yeni musiqi janrlarının populyarlaşması son illərdə Azərbaycan dinləyicisinin zövqünü nəzərəçarpacaq dərəcədə dəyişib. Qlobal platformalara çıxış artdıqca insanlar daha çox ritmik, eksperimental və beynəlxalq səslərə açıq olmağa başlayıblar. Əvvəllər əsasən estrada və klassik pop üstünlük təşkil edirdisə, indi rap, electronic, pop-folk, indie kimi janrlar da geniş dinləyici kütləsi qazanır. Bu da yerli sənətçiləri daha müasir aranjemanlara yönləndirir.
Pop-folk və electronic-in yüksəlişi bir neçə faktorla bağlıdır. İlk olaraq, bu janrlar rəqsə uyğun, ritmik və sosial şəbəkələrdə viral olmağa meyllidir. TikTok və Instagram Reels-də qısa, enerjili fragmentlərin yayılması bu musiqilərin populyarlığını artırır. Digər tərəfdən, electronic musiqinin istehsalı daha əlçatan olduğu üçün gənc prodüserlər tez bir zamanda öz tərzlərini təqdim edə bilirlər. Regiondakı trendlər — xüsusilə Türkiyə və Balkan musiqisinin təsiri — Azərbaycanda da eyni istiqamətlərin yayılmasına səbəb olur.
Sosial mediada tanınan gənc ifaçılar musiqi sənayesinin strukturunu dəyişikliyə məruz qoyur. Artıq məşhur olmaq üçün böyük prodüser şirkətinə bağlılıq şərt deyil; bir mahnının viral olması kifayətdir. Bu, sənayedə rəqabəti artırır, yeni istedadların ortaya çıxmasına şərait yaradır və janr müxtəlifliyini genişləndirir. Gənc ifaçılar brendlərlə əməkdaşlıq edir, konsertlərə daha çox tələbat yaranır və dinləyici ilə birbaşa əlaqə güclənir. Nəticədə, sənaye daha çevik, daha demokratik və sürətlə yenilənən bir formaya çevrilir".
Ayisə Şərifova
