Azərbaycan neft koksu ixracından gəliri 4 dəfəyə yaxın artırıb
Bu ilin yanvar–noyabr aylarında Azərbaycan 194 min 999 ton neft koksu ixrac edib. İxrac olunan məhsulun ümumi dəyəri 59,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə gəlir baxımından təxminən 3,8 dəfə artım deməkdir.
Neft koksunun ölkənin ümumi ixracındakı payı 0,26 faiz olub. Qeyd olunur ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya işləri neft məhsullarının ixrac potensialının artmasına mühüm töhfə verir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda neft məhsullarının istehsalı və ixracatı müəyyən sahələr üzrə artım göstərirsə, bu, təbii ki, valyuta daxilolmalarına müsbət təsir edir:
"Əgər dünya birjalarında neft məhsullarına tələbat artırsa, Azərbaycan xam neft satmaq əvəzinə, gələcəkdə daha çox emal olunan neft məhsulları satmağa üstünlük verməlidir. Çünki emal olunan məhsullar xam neftə nisbətən daha yüksək qiymətlə satılır və nəticədə ölkəyə daha çox gəlir gətirir. Xüsusilə neft-kimya məhsullarına, yanacaq növlərinə və digər törəmə məhsullara olan qlobal tələbat artdığı halda, Azərbaycanın bu istiqamətdə istehsal və ixrac imkanlarını genişləndirməsi, xam neftdən azalan gəlirləri kompensasiya etmək baxımından çox mühüm addımdır. Yəni dəyər zəncirində daha yüksək mərhələyə keçid iqtisadi baxımdan daha səmərəlidir və bu, ölkənin enerji sektorunun uzunmüddətli dayanıqlığını da təmin edə bilər".
Aişə Mustafayeva
