Azərbaycan nefti ucuzlaşıb
Neft qiymətlərinin enməsinin Azərbaycanın büdcə gəlirlərinə təsiri cidd xarakterlidir. Azərbaycan dövlət büdcəsinin mühüm hissəsi neft gəlirlərinə (xüsusilə Dövlət Neft Fondundan transferlərə) bağlıdır.
Mövzu ilə əlaqədar iqtisadi ekspert Akif Nəsirli “İnformator.az”a etdiyi açıqlamasında bildirib ki, dövlət Neft Fondu üçün ixrac gəlirlərini azalır:
“Bununla bərabər büdcə daxil olmaları azalır, fiskal kəsir yarama təhlükəsi artır. Dövlətin sosial proqramları, investisiya layihələri və manatın məzənnəsi təzyiq altında qala bilər. Əgər qiymət uzun müddət aşağı qalarsa, hökumət alternativ gəlir mənbələri (vergilər, qeyri-neft ixracı) üzərində daha çox işləməyə məcbur olur. OPEC+ ölkələrinin hasilatı azaltmaq barədə qərarları, ABŞ və digər istehsalçılarda şist neft hasilatının səviyyəsi, Orta Şərq, Qafqaz və digər regionlarda geosiyasi gərginlik,Dünya iqtisadiyyatının bərpa tempidir".
Əlavə olaraq ekspert bildirib ki,dolların məzənnəsi, inflyasiya, faiz dərəcələri də neft qiymətinə təsir edir:
“Azərbaycan üçün əlavə amil – “Azəri Light” markasının keyfiyyət üstünlüyü (yüksək keyfiyyətli, yüngül neftdir) var. Bu, onu bazarda müəyyən dərəcədə stabil saxlayır. Azərbaycan neftinin qiyməti əsasən Brent markalı neftə indekslənir. Yəni Brent bahalaşırsa, “Azəri Light” da bahalaşır, ucuzlaşırsa, o da düşür. Qiymət fərqi (spread) bəzən 5–10 dollar ola bilər, çünki “Azəri Light” daha keyfiyyətlidir və premium qiymətlə satılır. Amma ümumi tendensiya eynidir - qlobal bazarda ucuzlaşma varsa, Azərbaycan nefti də ucuzlaşır. Yəni neftin qiymət enməsi Azərbaycanın büdcəsinə birbaşa mənfi təsir edir. Qiymətlərin sabit qalması üçün həm qlobal iqtisadi artım, həm də OPEC+ ölkələrinin koordinasiyalı siyasəti vacibdir. Azərbaycan nefti dünya bazarının ümumi tendensiyasından kənarda qalmaq imkanına malik deyil, sadəcə keyfiyyət üstünlüyü hesabına nisbətən daha yüksək qiymətə satılır”.
Səadət Əlizadə
