00:00:00
Yazar
Admin User
19.12.2025 16:49 96 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 64 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 64 dollara yaxınlaşıb

 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,47 ABŞ dollar və yaxud 0,74 % artaraq 63,87 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Mövzu ilə bağlı iqtisadçı Altay İsmayılov "İnformator.az"a açıqlamasında bildirib ki, burada mövsümi amillər və tələbin müəyyən dərəcədə artması da rol oynaya bilər:

 

"Neftin qiymətində yuxarı səviyyədən mərhələli şəkildə aşağıya doğru enmə tendensiyası müşahidə olunurdu. Bəzən bu eniş elə bir mərhələyə çatır ki, müəyyən dövr üçün minimal dib nöqtə formalaşır. Xüsusilə eniş nisbətən sürətli olduqda, növbəti mərhələdə qiymətdə qısamüddətli və zəif artım müşahidə edilə bilər. Bu vəziyyəti enmə tendensiyasının qısamüddətli artımla əvəzlənməsi kimi qiymətləndirmək olar. Eyni zamanda burada mövsümi amillər və tələbin müəyyən dərəcədə artması da rol oynaya bilər. Əlbəttə ki, Azərbaycan iqtisadiyyatının, xüsusilə dövlət büdcəsinin və ixrac gəlirlərinin əsas hissəsi ixracın 90 faizdən çoxu neft və qaz gəlirləri hesabına formalaşdığı üçün neftin qiymətindəki dəyişikliklər ölkə iqtisadiyyatına birbaşa təsir göstərir. Bu təsir ilk növbədə makroiqtisadi göstəricilərdə, büdcə gəlirlərində və tədiyyə balansında özünü büruzə verir. Əgər aşağı qiymətlər uzunmüddətli xarakter alarsa, bu, ölkəyə valyuta axınının azalmasına və nəticə etibarilə manat üzərində əlavə təzyiqlərin yaranmasına səbəb olur".


Ekspertin sözlərinə görə, qiymətlər uzun müddət 60 dolların da altına düşərsə, bu artıq daha ciddi siqnaldır:

 

"Büdcədə nəzərdə tutulan 70 dollarlıq baza qiymətin aşağı düşməsi ilə bağlı risklərə gəldikdə isə, burada risklərin dövrü, səviyyəsi və müddəti nəzərə alınmalıdır. Hazırda qiymət təxminən 64 dollar səviyyəsindədir. Lakin il üzrə orta qiymətə baxsaq, bu göstərici 2025-ci il üçün 64 dollardan yuxarı, 70 dollara yaxın səviyyədə formalaşa bilər. Ancaq neftin qiyməti uzun müddət aşağı səviyyədə qalarsa və daha da enərsə, müəyyən risklər ortaya çıxır. Xüsusilə 60–70 dollar aralığında qiymətlər idarəolunan risklər kateqoriyasına aid edilir. Bu mərhələdə iqtisadi çətinliklər yarana bilər. Məsələn, ya büdcə xərclərinə yenidən baxılmalı və ixtisarlar aparılmalıdır ki, bu da kifayət qədər çətin prosesdir, ya da ehtiyat mənbələrdən istifadə olunmalıdır. Bu isə büdcə kəsirinin artmasına gətirib çıxara bilər. Əgər qiymətlər uzun müddət 60 dolların da altına düşərsə, bu artıq daha ciddi siqnaldır. Belə vəziyyətdə manat üzərində təzyiqlər güclənir, valyuta məzənnəsi müzakirə mövzusuna çevrilir və bu, digər makroiqtisadi göstəricilərə də mənfi təsir göstərir".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər