Azərbaycan neftinin qiyməti 66 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dollar və ya 1,42 % azalaraq 66 ABŞ dolları təşkil edib.
Mövzu ilə bağlı iqtisad elmləri üzrə fəlsəfə doktoru Elşən Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, 2025-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 70 dollar götürülüb, 2026-cı ilin dövlət büdcəsində endirilib və 65 dollar nəzərdə tutulub:
"Ümumilikdə beynəlxalq proqnozlar 2026-cı ildə neftin qiymətinin bundan da aşağı olacağını göstərir. Təbii ki, proqnozlar da bəlli şərtlər çərçivəsində verilir və bu proqnozlar da nefttin təklifinin 2026-da da artacağı, tələbinin zəif artacağı nəzərə alınaraq verilib. 2025-ci büdcə ili artıq tamamlanmaq üzrədir, ona görə bu qiymət azalmasının nəticəsinin ciddi problemlər yaradacağını düşünmürəm. Ancaq 2026-cı il üçün hökumət aşağı qiymət səviyyəsini nəzərə almağa çalışır. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, Azərbaycan büdcəsi neft qiymətlərinə həssasdır. Qiymətlərin enməsi qısamüddətli dövrdə ciddi problem yaratmır, çünki büdcə adətən daha aşağı baza qiyməti ilə planlaşdırılır. Amma qiymətlər uzun müddət aşağı qalsa, Neft Fondunun gəlirləri azalır və gələcək illərdə büdcə transfertlərinə təsir edə bilər. Enerji qiymətlərinin aşağı düşməsi normalda inflyasiyanı artıran deyil, azaldan amildir. Ancaq neft gəlirləri azalan hökumət dövlət xidmətlərinin, təbii inhisar xidmətlərinin qiymətlərini qaldırarsa, bu inflyasiya yarada bilər. Azərbaycanın bir tərəfdən neft hasilatının azalması, digər tərəfdən isə neft qiymətlərinin aşağı qalması, heç şübhəsiz ki, ölkəyə iqtisadiyyatına bir çox istiqamətlərdən mənfi təsir göstərəcəkdir. Ona görə də belə risqlərlə üzləşməmək üçün iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində atılan addımları intensivləşdirmək və real nəticələr əldə etmək lazımdır".
Günel Əlili
