Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Bir barel neftin qiyməti 1,46 ABŞ dolları və ya 2,27 % bahalaşaraq 65,71 ABŞ dolları səviyyəsinə yüksəlib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadi enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, önümüzdəki aylarda neft qiymətləri əsasən həm quruda həm də dənizdə qlobal neft tədarükünün fiziki həcmlərindən asılı olacaq:
"Kpler-ə görə hazırda dünya sularında 1,3 milyard barel neft mövcuddur. Bu COVİD-19 qapanmaları səbəbindən neft istehlakının kəskin azaldığı 2020-ci ilin aprel ayından bəri ən böyük həcmdir. Bunula yanaşı Kpler-ə görə dünya sularında 51 milyon bareldən çox neft 20 gündən artıq tankerlərdə saxlanılmaqdadır. Bu neftlə dolu tankerlərin sürətinin azalması qarşılığında neft bazarının alıcı tapmaqda çətinlik çəkməsi ilə bağlıdır. Belə olan təqdirdə alıcıların xam nefti sahilə çıxarmaqda etdikləri tərəddüdlər neft qiymətlərini təhdid altına alır. Beləliklə, qarşıdakı aylarda fiziki bazarlarda kəskin dəyişiklik olmasa , gözlənilən tədarük bolluğu yaxın perspektivdə neft qiymətlərinə əhəmiyyətli təsir göstərəcək. Yuxarıda sadalanan tədarük bolluğu əsasən Rusiya, İran və Venesuella neftinin beynəlxalq ixrac qabiliyyətinə qoyulan sərt qadağalarla və sanksiyalara məruz qalan neftin daşınmasında istifadə edilən "kölgə donanma" ların dünya limanlarına yan almalarına qoyulan məhdudiyyətlərlə bağlıdır. Növbəti 2026-cı ildə Neft qiymətlərinin dinamikası böyük ölçüdə gözlənilən tədarük bolluğunun güclənməsindən və ya azalmasından asılı olacaq. Aralıq dənizi regionunda neft emalı zavodları vergi öhdəliklərini minimuma endirmək üçün adətən ilin sonuna qədər emala düçar ediləcək neft ehtiyatlarını azaltmağı hədəfləyir. Buna baxmayaraq Azəri Light və BTC Blend ixrac markaları dekabr satış proqramlarında Brent etalon markasına nisbətdə ortalama hər bareldə $3,20 mükafatla satılıb. Hər iki növdə qiymət artımına səbəb Aralıq dənizi regionunda mövcud neft emalı zavodlarında emal marjalarının artması ilə bağlıdır. Ümumiyyətlə, başa çatmaqda olan 2025-ci ildə Azərbaycan nefti beynəlxalq müştəri bazarlarında Brent etalon markasına nisbətdə sabit mükafatla satılıb".
Aişə Mustafayeva
