Azərbaycan-Oman iqtisadi əməkdaşlığı müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib. Görüşdə bərpa olunan və ənənəvi enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri dəyərləndirilib.
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki:
"Son dövrlərdə Yaxın Şərq və ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrə hökumət və dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Bu əməkdaşlıqda əsas məqsəd Azərbaycana investisiya cəlb etmək, yaşıl enerji keçidi prosesində texnoloji və maliyyə dəstəyi əldə etmək, eləcə də bu ölkələrin neftdənkənar sahələrdə qazandıqları iqtisadi nailiyyətlərdən faydalanmaqdır. Bu yanaşma Birləşmiş Ərəb Əmirliklərinə, Omana, Səudiyyə Ərəbistanına və Qətərə də aiddir və son vaxtlar bu ölkələrlə münasibətlər xüsusi diqqət mərkəzində saxlanılır.Azərbaycanın bu ölkələrə təqdim edə biləcəyi imkanlar kifayət qədər genişdir. Aqrar sahədə, xüsusilə kənd təsərrüfatı və emal olunmuş ərzaq məhsulları üzrə bu ölkələrin bazarlarına çıxış imkanları mövcuddur. Eyni zamanda, həmin ölkələrin böyük maliyyə və texnoloji potensialından istifadə etməklə ölkəmizdə turizmin, yaşıl enerjinin və digər sahələrin inkişafına nail olmaq mümkündür.Bu istiqamətdə ölkələr arasında birbaşa investisiya fondunun yaradılması da mühüm əhəmiyyət kəsb edir. Belə bir mexanizm prioritet sahələrdə güclü investisiya tələbatı olan istiqamətlərin müəyyənləşdirilməsinə və həmin sahələrin maliyyələşdirilməsinə şərait yarada bilər. Ümumilikdə, Yaxın Şərq ölkələri ilə əməkdaşlıq Azərbaycanın Cənubi Qafqazda iqtisadi potensialını daha da genişləndirməsinə və möhkəmləndirməsinə mühüm töhfə verəcək".
Xədicə Məhərrəmli
