00:00:00
Yazar
Admin User
15.12.2025 18:58 131 3 dəq oxuma
Mədəniyyət

Azərbaycan Prodüserlər Gildiyası FİAPF-a tamhüquqlu üzv qəbul edilib

Azərbaycan Prodüserlər Gildiyası FİAPF-a tamhüquqlu üzv qəbul edilib

Azərbaycan Prodüserlər Gildiyası (APG) rəsmi olaraq dünyanın ən nüfuzlu kino təşkilatlarından biri olan FİAPF-a (Beynəlxalq Kino Prodüserləri Assossasiyaları Federasiyası) tamhüquqlu üzv qəbul edilib.

 

Mövzu ilə bağlı kinoşünas Nadir Bədəlov “İnformator.az”a açıqlamasında bildirib ki, əgər Azərbaycan Prodüserlər Gildiyası artıq rəsmi şəkildə fəaliyyət göstərirsə, artıq Ədliyyə Nazirliyi təsdiqləyibsə, deməli onun hüquqları var:

 

“Amma imkanlara gəldikdə isə, əlbəttə ki, bu üzvlük bizim üçün perspektivlər açır. Burada müxtəlif prodüser assosiasiyaları bir-biri ilə məsləhətləşmə formasında əlaqədə olur. Bildiyimə görə, orada təxminən 20-dən çox assosiasiya var və onlar bir-biri ilə əlaqədədirlər. Əlbəttə ki, bu da bizim kinomuza öz töhfəsini verəcək və qarşıda yeni imkanlar açacaq. Amma əgər kinomuzun sabahından söhbət gedirsə, birinci növbədə yenə də artıq demək olar ki, kinonun özü qədər yaşı olan bu sual ortalığa çıxır: Kino nədir-istehsalat, yoxsa yaradıcılıq? Bir çoxları deyir ki, birinci növbədə əlbəttə ki, istehsalatdır. Yəni bir çox sahələrdə-ədəbiyyat, rəssamlıq, hətta teatr və digər sahələrdə insan özüdür. Amma məsələ ondadır ki, kino mütləq şəkildə texnika, təşkilat və bir çox sahələrin birləşdiyi sintetik, kollektiv bir növ tələb edir. Bu baxımdan prodüserin əhəmiyyəti çox böyükdür. Amma mən belə düşünürəm ki, bu öz yerindədir, onsuz mümkün deyil. Prodüsersiz heç bir şey edə bilməzsən. Amma birinci növbədə, əlbəttə ki, yaradıcılıqdır. Yaradıcılıq isə şəxsiyyətdir. Nə qədər ki, bizdə yaradıcı şəxslərdə dünya görüşü, konsepsiya formalaşmayıb, böyük kino əsəri də gözləməyə dəyməz. Nə qədər güclü prodüser olsa da, dünyanın ən güclüsünü gətirsələr belə, əgər burada yaradıcılıq yoxdursa, o film yarana bilməz. Çünki hər şey şəxsiyyətdən keçir. Yaradıcılıq birinci növbədə ideyadır. İdeya isə hər kəsin beyninə birdən gəlmir. Kiminsə ağlına gəlir və o şəxs həmin ideyanı həyata keçirməyə başlayır. Bütün filmlərin kökündə ideya dayanır. Prodüserin ən böyük rolu ondan ibarətdir ki, o, bu ideyanı qiymətləndirə bilir, sonra onu sata bilir, onun üçün maliyyə tapa bilir, gerçəkləşdirə bilir və alınan əsəri dünyaya çıxarmağı bacarır. Mənə elə gəlir ki, sizin verdiyiniz bu mübarək xəbər, yəni bizim Prodüserlər Assosiasiyaları Federasiyası kimi ən nüfuzlu beynəlxalq kino təşkilatının üzvü olmağımız Azərbaycan kinosu üçün böyük imkanlar və yeni perspektivlər aça bilər”.

 

Həmçinin ekspert qeyd edib ki, müştərək filmlərin çəkilməsi çox vacibdir:

 

“Mən son vaxtlar bir neçə beynəlxalq film festivalında iştirak etmişəm, o cümlədən Bakı Beynəlxalq Kino Festivalında. Orada nümayiş olunan müxtəlif ölkələrin birgə istehsalı olan filmləri izlədim və bu filmlərin müxtəlif sahələrə, təkcə yaradıcılığa yox, həm də digər sektorlara, məsələn turizmə necə təsir etdiyini gördüm. Əvvəlcə kino ilə turizm arasında o qədər də birbaşa əlaqə görsəm də, bəzi filmlərə baxdıqdan sonra həmin ölkələrə səyahət etmək istəyi yarandı. Bu məndə belə bir fikir formalaşdırıb. Kino turizm siyasətində mühüm resurslardan biri ola bilər. Hətta hazırda bu mövzu ilə bağlı bir məqalə üzərində də işləyirəm. Bizim coğrafiyamız, təbiətimiz, mədəniyyətimiz kifayət qədər unikal və maraqlıdır. Əgər bu imkanlar doğru şəkildə nümayiş olunsa, əminəm ki, digər ölkələrin kino sənayesindən də Azərbaycana maraq artacaq. Eyni zamanda, biz də bu əlaqələr vasitəsilə beynəlxalq arenada daha aktiv ola bilərik. Ümumilikdə isə düşünürəm ki, kino sənəti coğrafiyadan, sərhədlərdən asılı olmayaraq, hələ də beynəlxalq əhəmiyyətli bir sənət növü olaraq qalır. Müştərək layihələr isə bu sahədə həm yaradıcı əməkdaşlığa, həm də qarşılıqlı marağın artmasına səbəb ola bilər. Kino sahəsində irəliləyiş, hər şeydən əvvəl, yaradıcılıqdan asılıdır. Yaradıcılıq isə ssenari ilə başlayır. Güclü bir ideya, maraqlı və peşəkar şəkildə yazılmış ssenari olmadan kino layihəsinin uğurlu olması çətindir. Bu prosesdən sonra həmin ideyanın vizual reallaşdırılması, yəni film kimi ərsəyə gəlməsi mərhələsi başlayır. Daha sonra bu film yerli auditoriyaya təqdim edilməli, əgər potensialı varsa, beynəlxalq arenaya çıxarılmalı və tamaşaçılarda maraq doğurmalıdır”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər