Azərbaycan qadınının gücü
Azərbaycan qadını-həm ana, həm bacı, həm də cəmiyyətin dirəyidir. O, tarix boyu həm evini, həm millətini qoruyub. Müharibə illərində səngərdə, sülh illərində məktəbdə, xəstəxanada, fabrikdə dayanan qadın obrazı bu torpağın ruhudur. Bu gün Azərbaycan qadını həm ənənəvi dəyərlər, həm də müasir çağırışlar arasında yeni bir kimlik formalaşdırır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, əslində “Azərbaycan qadını güclüdür” ifadəsindən əvvəl “güclü qadın” məcburiyyətini cəmiyyətə pərçimlədilər:
“20-30 il əvvəlin gündəmini göz önünə gətirək. Necə başladı bu proses? Gender bərabərliyi, gender bərabərsizliyi adı altında qadınlara sanki bir standart pərçimlədilər. Qadın beyninə “güclü olmaq məcburiyyətindəsən”, “öz ayaqlarının üzərində dayanmalısan” kimi düşüncələr yeridiblər. Qadın özünü ailəsindən ayrı obyekt kimi görməyə başlayıb. Qadını ailəsindən qoparmaq uğrunda sanki bir mübarizə başlayıb. Dünyanın heç bir yanında olmayanda Azərbaycanda qadın hüquqları yüksək səviyyədə olub. Qadınlara seçmə, seçilmə hüququ verilib. Bu proseslərin getdiyi bir ölkədə qadını elə təqdim etdilər ki, sanki qadın daim əzilən, xor görülən, ikinci plana atılan olub. Bu cür təqdimatların sonunda qadınlara belə bir fikir yeritdilər ki, onlar öz həyatlarını ailəsindən kənarda qurmalıdırlar. Fikirləşdilər ki, mən özələm, ailəmdən kənarda həyatım,kariyeram olmalıdır və bu məni güclü edən bir proses olacaq. Güc adı altında bir növ özbaşınalığa meyilləndirdilər və ailəsindən kənarda qadın fiquru formalaşdırdılar. Halbuki bu prosesləri qadın ailəsi ilə birlikdə də edə bilərdi. Bununla da potensial boşanmağa meyilli qadınlar toplusu yaradıblar”.
Həmçinin müsahibimiz bildirib ki, bu gün elə bir fikir formalaşdırıblar ki, kariyerada uğur əldə edə bilmək üçün mütləq ailəni qurban verməlidir deyə düşünür insanlar:
“Kariyerasını və ailəsini kifayət qədər eyni çəki və tempdə saxlayan və inkişaf etdirən çox qadınlarımız var. Biz sadəcə onları tanımırıq. Niyə? Çünki bəzi qüvvələr onları tanıtmaqda maraqlı deyil. Görün televiziyalara kimlər dəvət olunur. Ailəsi olmayan lakin kariyerasında inkişaf etmiş insanlar dəvət olunur. Onlar göstərmək istəyir ki, qadın yalnız ailəsini qurban verdiyi halda güclü ola bilər. Bununla da qadını alçaldırlar və bunu güclü qadın obrazı adı altında təqdim edirlər. Azadlıq özbaşınalıq deyil. Qadın ailəsində də azaddır. Sadəcə normal ailəsi və uğurlu kariyerası olan qadınları tanıtmaq istəməyən qüvvələr var”.
Banuçiçək Məmmədova
