Azərbaycan qaz ixracında strateji mövqeyini gücləndirir
Yanvar-avqust aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə ümumilikdə 26,6 milyard kubmetrdən çox təbii qaz nəql edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artım qeydə alınıb. Qaz nəqlinin yarıdan çoxu Bakı–Tbilisi–Ərzurum, yəni Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib və burada 2,2 faiz artım müşahidə olunub.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın qaz nəqlinin artması bir neçə mühüm amillə bağlıdır:
"İlk növbədə bu, həm hasilatın artırılması, həm də infrastruktur layihələrinin genişlənməsi ilə əlaqədardır. Digər tərəfdən, artım birbaşa olaraq tələb amili ilə bağlıdır. Avropa İttifaqının enerji tələbatının yüksəlməsi, qlobal iqtisadiyyatda inflyasiyanın qarşısının alınması məqsədilə enerji resurslarına tələbin artması və ən əsası, Rusiya ilə məlum geosiyasi səbəblərdən ticari tərəfdaşlıqdan uzaqlaşma meyli Azərbaycanın enerji ixracının önəmini daha da artırır. İxracın artmasının ölkənin enerji bazarındakı mövqeyi ondan ibarətdir ki, bu, ilk növbədə valyuta ehtiyatlarının artması baxımından mühüm iqtisadi səmərə təşkil edir. Azərbaycanın mövqeyini gücləndirən əsas faktorlardan biri də enerji bazarında sabit və etibarlı tərəfdaş kimi çıxış etməsidir".
Bakı–Tbilisi–Ərzurum kəmərinin ümumi nəql prosesində xüsusi çəkisinin artmasının strateji əhəmiyyətini dəyərləndirən ekspert qeyd edib ki, Azərbaycanın Avropaya enerji ixracı yalnız Rusiya üzərindən həyata keçirilmir:
"Bakı–Tbilisi–Ərzurum, TANAP və digər layihələr vasitəsilə enerji birbaşa və tranzit olaraq Avropaya çatdırılır. Avropanın enerji tələbatının yüksəlməsi fonunda BTƏ-nin payının artması Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətini daha da möhkəmləndirir. Qarşıdakı dövrdə qaz ixracının artım tempinin qorunması üçün iki əsas amil ön plana çıxır. Birincisi, ticari tərəfdaşların sayının artırılması və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsidir. İkincisi isə regionda geosiyasi sabitliyin qorunmasıdır ki, bu da Azərbaycanın uzunmüddətli enerji siyasətində mühüm şərtlərdən biridir".
Sura Əliyeva
