00:00:00
Yazar
Admin User
20.11.2025 17:49 115 3 dəq oxuma
İqtisadiyyat

Azərbaycan qaz ixracını artırır və qış mövsümünə hazırlanır

Azərbaycan qaz ixracını artırır və qış mövsümünə hazırlanır

Azərbaycan qış mövsümünə hazırlıq çərçivəsində enerji ixracını artırmaq üçün fəal addımlar atır. Ölkə Ukraynaya qaz tədarükünü genişləndirmək üçün danışıqlar aparır və Polşa vasitəsilə uzunmüddətli müqavilələr imzalamağı planlaşdırır.

 

Azərbaycanın qaz hasilatı stabildir və ixrac üçün infrastruktur gücləndirilir. Bu addımlar həm yerli bazarı, həm də qonşu ölkələri enerji təhlükəsizliyi baxımından təmin etməyə yönəlib. Ekspertlər hesab edirlər ki, Azərbaycanın enerji siyasəti regional sabitliyi dəstəkləyir və qlobal enerji bazarında rolunu möhkəmləndirir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında media eksperti Hacıbəy Heydərli bildirib ki, hazırda Avropanın enerji təhlükəsizliyi baxımından qaz təchizatı ən vacib və prinsipial məsələlərdən biridir:

 

"Bu kontekstdə Azərbaycanın rolu xüsusilə ön plana çıxır. Azərbaycanın Polşa vasitəsilə Avropaya qaz ixrac etməsi sadəcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyan hadisədir.

 

Bu xəbər yalnız Azərbaycan üçün deyil, ümumilikdə Avropa mediası üçün də olduqca mühüm informasiya dəyərinə malikdir. Çünki bu cür əməkdaşlıq Azərbaycanın qlobal enerji bazarındakı artan rolunun və enerji gücünün göstəricisidir. Belə məlumatlar təkcə Azərbaycan mediasında deyil, Avropa informasiya məkanında da geniş əks-səda doğurmalıdır.

 

Polşa və bəzi Avropa ölkələrinin Azərbaycan qazına ehtiyacı mövcuddur. Bu da onu göstərir ki, Azərbaycanın enerji ixracı coğrafiyası genişlənməkdədir və ölkə alternativ qaz mənbəyi kimi daha çox etibar qazanır.Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin Azərbaycan qazına marağının artması da bu tendensiyanı təsdiqləyir. Növbəti mərhələdə Polşa-nın Azərbaycan qazı ilə maraqlanması və ümumiyyətlə, bu əməkdaşlığın baş tutması Azərbaycanın iqtisadi gücünün artmaqda davam etdiyini göstərir. Qış aylarında enerji təchizatının daha da kritik əhəmiyyət kəsb etdiyi bir vaxtda, Azərbaycanın enerji bazarında rolu daha da güclənəcək və ölkə bu sahədə həm strateji, həm də populyar tərəfdaş kimi önə çıxacaq".

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Emin Qəribli isə açıqlamasında bildirib ki, bildiyimiz kimi, biz bu bazarı genişləndiririk:

 

"Qaz ixracı uzunmüddətli dayanıqlılığın təmin olunmasına xidmət edir. Qaz elə bir məhsuldur ki, bir dəfə ixrac olunduqda onun təchizatı uzunmüddətli olur və uzun illər həmin bazarda qalır. Hazırda artıq 15-dən çox ölkəyə qaz ixrac edirik. Bu, uzun müddət bizə mənfəət gətirəcək. Qaz bazarında real iqtisadi rəqabət mövcuddur. Bir çox ölkələr qaz ehtiyatlarını ixrac etmək istəyir, buna görə də bazar uğrunda mübarizə gedir. Qaz isə həssas məhsuldur. Azərbaycan bu sahədə potensialını artırır. Gələcəkdə Türkmənistan qazının da Avropa bazarına çıxarılması mümkündür. Bu, ölkəmiz üçün həm iqtisadi, həm də strateji baxımdan müsbət haldır. Bu proses dövlət büdcəmizə və iqtisadiyyatımıza uzunmüddətli töhfə verəcək.İkinci bir vacib məsələ isə budur: hər hansı ölkəyə qaz ixrac etdikdə, biz həm də onların enerji təhlükəsizliyini təmin etmiş oluruq. Bu isə əməkdaşlıq və iqtisadi münasibətlərin möhkəmlənməsinə gətirib çıxarır. Qloballaşma şəraitində bu cür asılılıqlar ölkələr arasında əməkdaşlığı artırır. 

 

Nəticə olaraq, Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyi güclənir. Bu həm iqtisadi, həm də diplomatik fayda verir. Məsələn, bəzi xristian ölkələr – katolik dövlətlər – bir çox hallarda bizim mövqeyimizi dəstəkləyirlər. Çünki uzun illərdir biz onlara neft və qaz ixrac edirik. Yəni qaz ixracı yalnız iqtisadi deyil, siyasi və diplomatik təsirlərə də malikdir. Bu baxımdan da çox faydalı və strateji bir fəaliyyətdir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər