00:00:00
Yazar
Admin User
16.01.2026 16:30 89 2 dəq oxuma
İqtisadiyyat

“Azərbaycan qaz ixracını istədiyi qədər artıra bilmir”

“Azərbaycan qaz ixracını istədiyi qədər artıra bilmir”

Ekspertlər bildirir ki, Azərbaycan–Türkiyə enerji tərəfdaşlığı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynasa da, bu rolun miqyası bəzən şişirdilir və real imkanlar texniki və maliyyə məhdudiyyətləri ilə çərçivələnir.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın qaz ixracını artırması ilə bağlı səslənən fikirlər daha çox siyasi və romantik yanaşmalar üzərində qurulub:

 

“Reallıqda isə Azərbaycanın Avropanın ümumi qaz təchizatındakı payı çox aşağıdır. Hazırda Azərbaycan qazının Avropa bazarındakı payı təxminən 3–5 faiz civarındadır. Avropa ölkələrinin illik qaz istehlakı 400–500 milyard kubmetr təşkil etdiyi halda, Azərbaycanın ixrac etdiyi həcm bu göstərici ilə müqayisədə olduqca məhduddur. Əsas problem ondadır ki, Azərbaycan qaz ixracını istədiyi qədər artıra bilmir. Bunun səbəbi resurs yoxluğu deyil, mövcud infrastrukturun imkanlarının məhdud olmasıdır. Cənub Qaz Dəhlizi artıq faktiki olaraq tam dolu işləyir və əlavə həcm ötürmək üçün boru kəmərlərinin genişləndirilməsi zəruridir. Bu məqsədlə 2022-ci ildə Avropa Komissiyası ilə memorandum imzalansa da, real addımlar atılmayıb. Avropa tərəfi genişləndirmə üçün maliyyə qoyuluşu etməyib və uzunmüddətli qaz alışı üzrə öhdəliklər götürməyib. Halbuki bu cür layihələrin reallaşması üçün alıcı ölkələrin ən azı 15–20 illik kontraktlarla təminat verməsi vacibdir. Bu təminat olmadığından boru kəmərinin genişləndirilməsi iqtisadi baxımdan cəlbedici sayılmayıb. Bu fonda Türkiyənin tranzit rolu xüsusi əhəmiyyət kəsb edir. Türkiyə olmasaydı, Azərbaycan qazının Avropaya çıxışı faktiki olaraq mümkün olmazdı”.

 

Həmçinin şərhçi qeyd edib ki, TANAP layihəsi Cənub Qaz Dəhlizinin əsas elementlərindən biridir və qazın Gürcüstandan Türkiyə üzərindən Avropaya ötürülməsini təmin edir:


“Türkiyə bu prosesdə həm tranzit ölkə kimi gəlir əldə edir, həm də etibarlı tərəfdaş rolunu oynayır. Tranzit haqqı, infrastrukturdan istifadə və regionda enerji mərkəzinə çevrilmək Ankaraya həm iqtisadi, həm də geosiyasi üstünlüklər qazandırır. Qiymət sabitliyi məsələsinə gəldikdə isə, Azərbaycan qazının Avropa bazarında qiymətlərə ciddi təsir göstərmək gücü yoxdur. Bunun əsas səbəbi yenə də həcm amilidir. Azərbaycan qazı bazarda dominant oyunçu deyil. Buna baxmayaraq, Gürcüstan və Türkiyə üçün Azərbaycan qazı mühüm rol oynayır. Bu ölkələrə nisbətən daha əlverişli şərtlərlə qaz verilməsi onların enerji təhlükəsizliyini gücləndirir və qiymət risklərini azaldır. Digər Avropa ölkələrinə isə Azərbaycan qazı daha kiçik həcmlərlə çatdırılır və bu, ümumi bazar qiymətlərini formalaşdıracaq səviyyədə deyil. Azərbaycan–Türkiyə enerji tərəfdaşlığı regional miqyasda əhəmiyyətli və strateji xarakter daşıyır. Lakin Avropanın enerji təhlükəsizliyinin “əsas dayağı” kimi təqdim olunması reallığı tam əks etdirmir. Bu tərəfdaşlıq Avropa üçün alternativ və tamamlayıcı mənbə rolunu oynayır, lakin həlledici faktor olmaq üçün nə həcm, nə də infrastruktur baxımından yetərli imkanlara malikdir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər