Azərbaycan-Qırğızıstan İnkişaf Fondu 3-cü ölkələrdə də fəaliyyət göstərə bilər
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AKDF) 3-cü ölkələrdə planlaşdırılan investisiya layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirə bilər.Fond aktiv fəaliyyət göstərir, 4 investisiya müraciətini nəzərdən keçirib və ilkin təsdiq verib. Nazir iş adamlarını, Azərbaycan-Qırğızıstan birgə müəssisələrini və investorları AKDF-ni nəzərdən keçirməyə çağırıb.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, müxtəlif layihələrin maliyyələşdirilməsini həyata keçirilə bilər:
"Fondun məqsədi Azərbaycan və Qırğızıstan üçün birgə maraqlı layihələrin və investisiya təşəbbüslərinin həyata keçirilməsidir. Fondun nizamnaməsində də bu istiqamətdə əsas hədəflər dövlətlərarası əməkdaşlığın gücləndirilməsi, birgə maraqlı layihələrin maliyyələşdirilməsi, kooperasiya əlaqələrinin genişləndirilməsi və birgə müəssisələrin yaradılması kimi məsələlər yer alır. Bundan əlavə, fondun investisiya imkanlarının yalnız iki ölkə ilə məhdudlaşmaması, gələcəkdə digər türk dövlətləri və təşkilatlarına da yatırımların yönəldilməsi nəzərdə tutula bilər. Bu zaman hər iki dövlətin maraqları birgə qorunur və fond, Azərbaycan və Qırğızıstan adından müxtəlif layihələrin maliyyələşdirilməsini həyata keçirə bilər. Əgər müəyyən dövrdə iki ölkə ərazisində birgə layihələr məhdud olarsa, fondun fəaliyyəti digər ölkələrdə həyata keçirilən layihələri də əhatə edə bilər".
Xədicə Məhərrəmli
