00:00:00
Yazar
Admin User
15.12.2025 16:55 131 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan “qoca qitə”nin qaz bazarında strateji tərəfdaşa çevrilib

Azərbaycan “qoca qitə”nin qaz bazarında strateji tərəfdaşa çevrilib

Avropa İttifaqının (Aİ) Rusiya qazından tamamilə imtina etməsi haqqında qərarı Azərbaycan üçün tarixi imkan yaradıb ki, “qoca qitə”nin qaz bazarında strateji tərəfdaşa çevrilsin. 

 

Mövzu ilə bağlı olaraq iqtisadçı Rəşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Avropanın qaz tələbatı Azərbaycanın tələbatından böyükdür :

 

“İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın hasil etdiyi qazı Avropa bazarlarına çıxarması ilə bağlı strategiyası Rusiya - Ukrayna münaqişəsindən əvvəl formalaşmışdı və konflikt başlamazdan əvvəl Azərbaycan artıq Avropaya qaz ixrac etməyə başlamışdı. Təbii ki, Rusiya - Ukrayna münaqişəsi fonunda yaranan yeni vəziyyət fərqlidir. Avropa Rusiya qazından imtina edir, bu isə Azərbaycan qazına marağı nisbətən artırır. Amma nəzərə almaq lazımdır ki, Avropanın qaz tələbatı Azərbaycanın hasilat imkanları ilə müqayisədə çox böyükdür. Yəni Azərbaycan istəsə də, qısa müddətdə həm hasilatın, həm də ixrac kanallarının məhdudluğu səbəbindən bu tələbatı əhəmiyyətli dərəcədə qarşılaya bilməz. Azərbaycanın bu vəziyyətdən qazancı əsasən qiymət artımı ilə bağlı olub. Xüsusilə 2022-ci ildə Azərbaycan qaz sahəsində böyük gəlirlər əldə edərək əvvəlki investisiyaların geri dönüşünü təmin edib. Hazırda isə Avropa Birliyi Rusiya qazından imtinanı müxtəlif alternativ mənbələrlə, xüsusilə Afrika, şist qazı və LNG (sıxılmış qaz) ilə əvəzləməyə çalışır. Bu da Avropa qaz bazarında qiymətlərin sabitləşməsinə gətirib çıxarıb. Son 3 ildə bu sahədə Avropa Birliyi müəyyən uğurlar əldə edib. Azərbaycanın Avropa bazarlarında payını artırması isə qısa müddətli deyil, orta və uzunmüddətli hədəfdir. Bu, infrastruktur layihələri, xüsusilə TAP layihəsinin genişləndirilməsi çərçivəsində nəzərdə tutulur. Xüsusi yeni layihələrə ehtiyac olduğu düşünülmür, əsasən mövcud infrastrukturun səmərəli istifadəsi və genişləndirilməsi hədəflənir. Hökumətin proqnozuna görə isə 2026-cı ildə qaz hasilatında azalma ola bilər, bu da nəzərə alınmalıdır.

Avropa İttifaqı ilə enerji tərəfdaşlığının Azərbaycan iqtisadiyyatına və büdcəsinə təsiri isə daha çox ənənəvi səviyyədədir. Azərbaycan bu siyasətdən həm də siyasi mövqeyini gücləndirmək üçün istifadə edir. Qaz isə elə bir resursdur ki, onu Avropa İttifaqına satmasanız da, başqa ölkələrə sata bilərsiniz. Məsələn, qonşu Türkiyənin tələbatı Azərbaycanın hasilat imkanlarını üstələyir və o, qazı başqa mənbələrdən almağa məcburdur. Azərbaycan qaz ixrac marşrutlarını da daim şaxələndirməyə çalışır. Qaz hasilatının kəskin artımı gözlənilmir ,maksimum 2 dəfə artım mümkündür. Bu artım da əsasən mövcud layihələrin (TANAP, TAP) genişləndirilməsi və səmərəli istifadəsi ilə həyata keçirilə bilər. İran və Gürcüstan kimi region ölkələri ilə mövcud ixrac kanalları, ehtiyac olarsa, yeni alternativ bazarların nəzərdən keçirilməsi imkanları da mövcuddur. Bu səbəbdən qaz hasilatının səviyyəsini və təsdiqlənmiş ehtiyatları nəzərə alsaq, bu sahədə çox genişmiqyaslı yeni siyasətlərin həyata keçirilməsinə ehtiyac yoxdur”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər