“Azərbaycan region ölkələri ilə müqayisədə yüksək valyuta ehtiyatlarına malikdir”
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları açıqlanıb. Valyuta ehtiyatları 11 mlrd. 563,5 mln. dollara çatıb. Bildirilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları son bir ayda 0,4% və ya 48,6 mln. dollar, son bir ildə isə valyuta ehtiyatları 5,2% artıb.
Mövzu ilə bağlı iqtisadçı Elşən Bağırzadə "İnformator.az"a açıqlamasında qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının 11,5 milyard dolları keçməsi maliyyə sabitliyi baxımından müsbət göstəricidir və ölkənin qısamüddətli xarici risklərə qarşı müəyyən buferə malik olduğunu göstərir:
"Lakin qeyd etmək lazımdır ki, bu göstərici təkbaşına iqtisadi dayanıqlığın tam təminatı demək deyil. Valyuta ehtiyatlarının dinamikası əsasən neft-qaz gəlirləri və xarici ticarət balansından asılıdır. Bu isə ehtiyatların struktur baxımından hələ də enerji sektoruna həssas olduğunu göstərir. Valyuta ehtiyatlarının artması manatın məzənnəsi üçün mühüm stabilizasiya alətidir və Mərkəzi Banka bazara müdaxilə imkanları yaradır. Bununla belə, məzənnə sabitliyinin yalnız inzibati və ehtiyat mexanizmləri hesabına qorunması uzunmüddətli perspektivdə risklidir. Əgər real sektorun rəqabət qabiliyyəti, qeyri-neft ixracı və məhsuldarlıq artımı zəif qalarsa, valyuta ehtiyatları məzənnə təzyiqlərini yalnız müvəqqəti olaraq yumşalda bilər. Azərbaycan region ölkələri ilə müqayisədə yüksək valyuta ehtiyatlarına malikdir. Xüsusilə də Mərkəzi Bankın ehtiyatları Dövlət Neft Fondunun aktivləri ilə birlikdə nəzərə alındıqda bu üstünlük daha aydın görünür. Lakin burada əsas məhdudiyyət ehtiyatların iqtisadiyyatda necə istifadə olunması ilə bağlıdır. Valyuta ehtiyatlarının yüksək olması avtomatik olaraq inklüziv iqtisadi artım, yüksək məşğulluq və ya texnoloji inkişaf demək deyil. Əsas çağırış bu ehtiyatların uzunmüddətli struktur islahatlarını dəstəkləyən effektiv iqtisadi mexanizmlərə çevrilməsidir".
Günel Əlili
