00:00:00
Yazar
Admin User
25.12.2025 18:18 47 3 dəq oxuma
İqtisadiyyat

Azərbaycan şirkəti nizamnamə kapitalını 39 % azaldır

Azərbaycan şirkəti nizamnamə kapitalını 39 % azaldır

"Gipsinvest" MMC nizamnamə kapitalını 14 592 563 manat və yaxud 39 % azaldaraq 37 440 441 manatdan 22 847 878 manata endirdiyini elan edib.


Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, biz hələlik nizamnamə kapitalının hansı səbəbdən azaldıldığını dəqiq bilmirik:


"Əgər kapitalın azaldılması əvvəlki zərərlərin örtülməsi və ya maliyyə problemlərinin göstəricisidirsə, bu halda həmin qərar şirkətin bazar dəyərinə mənfi təsir göstərə bilər, lakin əgər bu addım şirkətin balansının sağlamlaşdırılması məqsədi daşıyırsa, yəni səmərəsiz aktivlərin dövriyyədən çıxarılması üçün atılıbsa, bu əksinə müsbət nəticə verə bilər. Belə hallarda şirkətin zərərlə işləyən hissələri bağlanır, yalnız effektiv fəaliyyət göstərən sahələr saxlanılır. Nəticədə nizamnamə kapitalı azalır, lakin şirkətin ümumi maliyyə vəziyyəti sağlamlaşır. Şirkəti bir neçə istehsal sahəsindən ibarət struktur kimi təsəvvür etsək, zərər gətirən sahənin ləğvi təbii olaraq kapitalın da azalmasına səbəb olur. Bu isə kapital strukturunun optimallaşdırılması və şirkətin daha dayanıqlı hala gəlməsi deməkdir. Belə bir yanaşma uzunmüddətli perspektivdə göstəricilərin yaxşılaşmasına və hətta bazar dəyərinin artmasına gətirib çıxara bilər. Bununla yanaşı, nizamnamə kapitalının azalması müəyyən maliyyə riskləri də yaradır. Xüsusilə banklardan vəsait cəlb etmək çətinləşə bilər, çünki kapitalın həcmi şirkətin maliyyə dayanıqlığının əsas göstəricilərindən biridir”.

 

Həmçinin şərhçi qeyd edib ki, kapitalın kiçilməsi risklər qarşısında şirkətin daha az davamlı olmasına səbəb ola bilər:

 

“Əgər kapitalın azaldılması keçmiş zərərlərin bağlanmasına, maliyyə hesabatlarının “təmizlənməsinə” və investisiya strukturunun səmərəliliyinin artırılmasına xidmət edirsə, bu, maliyyə dayanıqlılığı baxımından müsbət qiymətləndirilə bilər. Bu halda gələcək üçün daha real və əsaslandırılmış maliyyə planlaşdırılması mümkün olur. Lakin əsas məsələ detallardadır. Kapital azaldıldıqdan sonra şirkətin likvidliyi artıbmı, yoxsa azalıbmı? Borc yükü necə dəyişib? Pul axınları nə dərəcədə dayanıqlıdır? Bu suallara cavab verilmədən yekun rəy bildirmək mümkün deyil. Şirkətin bazar dəyəri yalnız kapitalın həcmi ilə müəyyən edilmir. Əsas amil onun gəlirliliyidir. Şirkət nə qədər stabil mənfəət əldə edirsə, bazar dəyəri də bir o qədər real formalaşır. Yəni məsələ təkcə qoyulan kapitalda deyil, perspektivlərdədir. Bu qərarın yerli və xarici tərəfdaşlara təsirinə gəldikdə, ilkin mərhələdə kapitalın azalması tərəfdaşlarda ehtiyatlı yanaşma yarada bilər. Xüsusilə xarici tərəfdaşlar əlavə zəmanətlər tələb edə, daha yüksək şəffaflıq istəyə və bu addımı risk kimi qiymətləndirə bilərlər. Ancaq əgər qərar aydın şəkildə əsaslandırılarsa, səbəblər və məqsədlər izah edilərsə, bu, şirkətin düzgün və düşünülmüş strategiyasının bir hissəsi kimi qəbul oluna bilər. Nəticə etibarilə, nizamnamə kapitalının azaldılmasını avtomatik olaraq yaxşı və ya pis qərar kimi qiymətləndirmək düzgün deyil. Əsas bilinməli olanlar bu addım hansı səbəbdən atılıb, hansı məqsədə xidmət edir, azalmadan sonra şirkətin maliyyə vəziyyəti yaxşılaşıbmı, yoxsa zəifləyib və bütün bu proses nə dərəcədə şəffaf şəkildə həyata keçirilib. Məsələyə məhz bu çərçivədə baxmaq lazımdır".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər