Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir
Şuşada Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu işə başlayıb. Tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutub.
Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri və tədqiqatçıları iştirak edirlər. Görüş zamanı regional təhlükəsizlik, xarici siyasət, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya əlaqələri və enerji sahəsində birgə perspektivlər müzakirə olunur
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Azərbaycan və Türkiyə istər siyasi, istərsə də hərbi sahədə ortaq hərəkət edir:
"Dövlət qurumları arasında daim koordinasiya var. Yaranan vəziyyət hər iki ölkənin beyin mərkəzlərinin fəaliyyətinə eyni yanaşmanın tətbiqini zəruri edir. Bu baxımdan Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşada Forumunun təşkili böyük əhəmiyyətə malikdir. Forumda baş tutan panel sessiyalarda xarici siyasətdə əsas trendlər, Qafqaz regionunda dəyişən təhlükəsizlik arxitekturası və iki ölkənin diplomatik koordinasiya imkanları, Türk Dövlətləri Təşkilatında inteqrasiyanın perspektivləri, nəqliyyat-kommunikasiya və enerji əməkdaşlığının strateji əhəmiyyəti, Zəngəzur dəhlizi və Orta Dəhlizin inkişafı müzakirə edilib.
Müzakirə olunan mövzulardan da açıq görünür ki, təhlükəsizlik və nəqliyyat-kommunikasiya imkanlarının təhlilinə xüsusi diqqət yetirilir. Müzakirələr eyni mövzulara oxşar yanaşmaların olduğunu, araşdırmaların nəticələrinin üst-üstə düşdüyünü ortaya qoyur. Deməli ayrı-ayrı sahələr üzrə ortaq tədqiqatların aparılmasına ehtiyac var".
Aişə Mustafayeva
