00:00:00
Yazar
Admin User
10.02.2026 10:01 46 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 11 %-ə yaxın azaldıb

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 11 %-ə yaxın azaldıb

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 11 %-ə yaxın azaldıb. Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 141,833 milyon ABŞ dolları dəyərində mal idxal edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 10,8 % azdır.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyədən olan idxalın azalmasına ilk reaksiya belə ola bilər ki, bu, Azərbaycanın ticarət balansını yaxşılaşdırır:

 

“Amma bu bir az sadəlövh reaksiyadır, çünki idxalda konkret olaraq nəyin azaldığını bilmirik. Əgər azalan istehlak mallarıdırsa, məsələn, əvvəllər Türkiyədən saqqız idxal edirdiksə və indi insanlar daha az saqqız alıb çeynəyirlərsə, bu halda demək olar ki, ticarət balansımız yaxşılaşır. Biz hansısa istehsal sahəmiz üçün xammal idxal ediriksə, həmin xammalın azalması sonradan növbəti ixracımızı azaldır və beləliklə də ticarət balansımızı pisləşdirir. Məsələnin mahiyyəti detallardadır. İdxal xərclərinin azalmasının iki səbəbi olur. Ya idxalın həcmi azalır, ya da məzənnə dəyişir və bu, məzənnə dəyişməsinə verilən müvəqqəti reaksiya olur. Əgər ölkə üzrə ümumi idxal azalıbsa, bunun da yenə səbəbləri olur. Ya ölkənin ÜDM-si azalır, istehlak səviyyəsi düşür. Azərbaycan nümunəsində bu ağlabatandır. Bu da səbəblərdən biridir. İnsanlar həyat keyfiyyəti pisləşdiyindən daha az istehlak edir və nəticədə idxal azalır. Yaxud da həmin məhsulun ölkə daxilində istehsalı arta bilər. Bunu isə hazırda müşahidə etmirik”.

 

Həmçinin şərhçi qeyd edib ki, ölkə üzrə istehsal həcmi arta bilər və bu da idxalın azalmasına səbəb ola bilər:

 

“Digər halda idxal bir ölkədən başqa ölkəyə yönələ bilər. Türkiyədən, deyək ki, həmin məhsulun qiyməti və ya keyfiyyəti, rəqabət qabiliyyəti aşağı düşür və nəticədə onu Türkiyədən yox, məsələn, Bolqarıstandan idxal etməyə başlayırıq. Ona görə də baxmaq lazımdır. Yenə məsələnin mahiyyəti detallardadır. Məsələn, Türkiyənin valyutası güclənir və nəticədə Türkiyədən idxal azalır. Bu səbəbdən Türkiyə mallarının rəqabət qabiliyyəti də azalır. İdxalın azalması, yəni Türkiyə mallarının Azərbaycan bazarında satışının azalması deməkdir. Bu, hansı sektor olmasından asılıdır. Mebel sektorudur, tekstil sektorudur, ərzaq sektorudur, tikinti materialları sektorudur. Bunlar Türkiyənin ən çox iştirak etdiyi sektorlardır. Uzunmüddətli təsir isə, əgər belə bir tendensiya davamlı olarsa, özünü göstərir və iki ölkə arasında ticarət dövriyyəsini azaldır”.


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər