00:00:00
Yazar
Admin User
11.11.2025 17:38 119 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 %-dən çox artırıb

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 %-dən çox artırıb

 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 982,266 milyon ABŞ dolları dəyərində mal idxal edib. Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 4,4 % artaraq 194 milyard 613,623 milyon ABŞ dollarına çatıb.

Mövzu ilə bağlı iqtisadçı Altay İsmayılov "İnformator.az"a açıqlamasında bildirib ki, ümumi dövriyyədə azalma baş verib:


"2025-ci il etibarilə Azərbaycanın Türkiyəyə ixracında müəyyən azalma müşahidə olunur. Bu azalma nəticəsində, baxmayaraq ki, son aylarda Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsində artım səbəbləri barədə danışılır, əslində faktiki olaraq ümumi dövriyyədə azalma baş verib. Mal idxalına çəkilən xərc 7 faizdən çox artıb. Bunun əsas səbəblərindən biri Türkiyədə qiymət artımı, yəni inflyasiyanın hələ də yüksək səviyyədə qalmasıdır. Baxmayaraq ki, son dövrlərdə müəyyən səngimə müşahidə olunur, ümumilikdə Türkiyədə inflyasiya səviyyəsi Azərbaycanın göstəricilərindən xeyli yüksəkdir. Bu da birbaşa olaraq idxal etdiyimiz məhsulların qiymətinə təsir göstərir və nəticədə idxala çəkilən xərclər artır. Digər tərəfdən, gələcəkdə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin artması iqtisadi, siyasi və strateji əlaqələr baxımından hədəflənir. Lakin bu artım faktiki olaraq bir neçə amildən asılı olacaq".

 

Ekspertin sözlərinə görə, valyuta məzənnələri arasındakı dəyişikliklər də idxal-ixrac balansına təsir edən mühüm amillərdəndir:

 

"Əvvəla, Azərbaycanın Türkiyəyə ixracında əsas pay neft və qaz məhsullarına məxsusdur. Bu səbəbdən, ixrac həcmləri və dəyərləri birbaşa olaraq bu məhsulların dünya bazarındakı qiymət dəyişmələrindən asılıdır. Əgər neft və qazın qiymətləri artsa, Azərbaycanın ixrac gəlirləri də yüksələcək, əks halda yəni qiymətlər düşdükdə ixracın dəyəri azalacaq.
Digər vacib amil ölkələrin makroiqtisadi göstəricilərindəki dəyişikliklərdir. Buraya inflyasiya səviyyəsi, valyuta məzənnəsi və ümumi iqtisadi dinamika daxildir. Əgər hər hansı ölkədə inflyasiya səviyyəsi yüksəkdirsə, bu, məhsullara olan daxili və xarici tələbi azalda bilər. Hazırda Azərbaycanda inflyasiya nisbətən sabit səviyyədədir, Türkiyədə isə inflyasiya faizində ciddi dəyişikliklər və artımlar müşahidə olunur. Bu da öz növbəsində həm Türkiyədə istehsal olunan məhsulların dəyərinə, həm də iki ölkə arasındakı ticarət münasibətlərinə təsir göstərir. Nəhayət, valyuta məzənnələri arasındakı dəyişikliklər də idxal-ixrac balansına təsir edən mühüm amillərdəndir. Türk lirəsinin dəyərinin dəyişməsi həm Türkiyədən idxal edilən malların qiymətinə, həm də Azərbaycan məhsullarının Türkiyə bazarındakı rəqabət qabiliyyətinə təsir göstərə bilər".

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər