Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci azaldıb
2025-ci ildə Azərbaycan Türkiyədən qara və əlvan metalların idxalına çəkdiyi xərci azaldıb. Ötən il Azərbaycan Türkiyədən ümumilikdə 135,599 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. Bu göstərici 2024-cü illə müqayisədə 4,9 % azdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, azalma, birincisi, çox da kəskin deyil, cəmi 5% civarındadır:
“Böyük ehtimalla, Azərbaycan digər ölkələrdən də metal məmulatları aldığı üçün Türkiyədən idxal azalıb. Son zamanlarda Türkiyədə qiymət artımları da bu azalmaya təsir edib. Eyni zamanda, daxili istehsalda müəyyən artım müşahidə olunur ki, bu da statistik göstəricilərdə öz əksini tapır.
Bu prosesin müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycan artıq öz ehtiyaclarının bir hissəsini daxili istehsal hesabına qarşılamağa başlayır. Lakin Şərqi Zəngəzur və Qarabağda tikinti işlərinin sürətlə getdiyini nəzərə alsaq, ölkənin metallara olan tələbatı daha da artacaq. Bu səbəbdən həm daxili istehsalın artırılması istiqamətində addımlar atılmalıdır, həm də daha ucuz xarici bazarlara çıxış imkanları araşdırılmalıdır.
Məlumdur ki, digər ölkələrdə metal qiymətlərində ucuzlaşma müşahidə olunarsa, Azərbaycan da buna çevik reaksiya verməlidir. Türkiyədən idxal tam dayanmayacaq, bu, sadəcə, müvəqqəti bir azalmadır. Dediyim kimi, bu 5%-lik geriləmə trend deyil və hələlik narahatedici səviyyədə deyil”.
Aişə Mustafayeva
