Azərbaycan Tailanddan ördək ətinin idxalını 159 dəfə artırıb
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 261 min ABŞ dolları dəyərində 61 ton ördək əti idxal edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40 %, kəmiyyət baxımından isə 30 % artım deməkdir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, Tailanddan idxalın 159 dəfə artması bazarda rəqabəti gücləndirə bilər:
"Bu, xüsusilə orta və aşağı qiymət seqmentində ördək ətinin qiymətlərinin stabilləşməsinə və ya müəyyən qədər ucuzlaşmasına səbəb ola bilər. Eyni zamanda Tailand quşçuluq sənayesi emal olunan məhsullarda (dondurulan, hissələrə bölünən, marinadlı və s.) geniş çeşid təqdim etdiyindən istehlakçılar üçün məhsul müxtəlifliyi arta bilər. Bu da ördək ətini daha geniş kütlənin istifadə etməsinə şərait yaradar.
İdxal mənbələrinin artması daxili istehsalçılar üçün həm risk, həm də stimul yaradır. Bir tərəfdən, ucuz idxal məhsulları yerli istehsalçıların bazar payını azalda bilər. Digər tərəfdən isə bu rəqabət daxili istehsalın modernləşdirilməsinə, maya dəyərinin azaldılmasına və keyfiyyətin artırılmasına təkan verə bilər. Dövlət dəstəyi və düzgün tənzimləmə olmadıqda, kiçik istehsalçıların bazardan sıxışdırılması riski mövcuddur.
Üstünlüklərdən biri odur ki, idxal olunan məhsullar beynəlxalq sertifikatlaşdırma və nəzarət sistemlərindən keçir və bu bazarda keyfiyyət standartlarının yüksəlməsinə müsbət təsir göstərə bilər. Lakin risk tərəfi də budur ki, uzun logistika zənciri, düzgün olmayan temperatur rejimi və ya nəzarətin zəifliyi qida təhlükəsizliyi problemlərinə yol aça bilər. Buna görə də idxal həcmi artdıqca, sərhəd və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Tailanddan ördək əti idxalının kəskin artımı istehlakçı üçün qiymət və seçim baxımından müsbət fürsətlər yaratsa da, daxili istehsalın qorunması və qida təhlükəsizliyinin təmin olunması üçün balanslı dövlət siyasəti və ciddi nəzarət vacibdir".
Aişə Mustafayeva
