Azərbaycan teatr və kino sənətinin parlaq siması
"İnformator.az" xəbər verir ki, bu gün Azərbaycan teatr və kino sənətinin görkəmli simalarından biri Xalq artisti Əjdər Qüdrət oğlu Həmidovun doğum günüdür. O, 28 sentyabr 1953-cü ildə Sabirabad rayonunun Mollakamallı kəndində dünyaya gəlib.
1979-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və Kino Aktyorluğu fakültəsini bitirən Əjdər Həmidov, Sumqayıt Dövlət Dram Teatrında gənc yaşlarından səhnəyə çıxaraq bir çox uğurlu rollar ifa edib. “Lənkəran xanının vəziri” , “Tamahkar” , “Bəxt üzüyü”, “Adamın adamı” , “Bütün Sara bilsin” və “Dursunəli və Ballıbadi” kimi tamaşalarda göstərdiyi çıxışlarla teatrsevərlərin rəğbətini qazanıb.
1990-cı ildən Akademik Milli Dram Teatrının heyətində fəaliyyətini davam etdirən sənətçi, teatr və kino sahəsində müxtəlif və mürəkkəb obrazların xarakterlərini mükəmməl şəkildə canlandıraraq geniş auditoriyanın rəğbətini qazanıb. “Özümüzü kəsən qılınc” , “Burlaxatun” , “Bu dünyanın adamları” , “Hökmdar və qızı”, “Ölülər” , “Hələ sevirəm deməmişdilər” , “Kaş araba aşmayaydı” və “Füzuli və Asmar” tamaşalarında yaratdığı obrazlar tamaşaçıları dərin düşüncələrə vadar edib, onların yaddaşında silinməz iz buraxıb.
2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülən Əjdər Həmidov səhnələrdə yaratdığı obrazlar və verdiyi mesajlarla Azərbaycan mədəniyyətinə əvəzsiz töhfələr verib.
Ədilə Hüseynzadə
