00:00:00
Yazar
Admin User
24.12.2025 17:37 96 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan və ABŞ enerji əməkdaşlığında yeni mərhələni müzakirə edib

Azərbaycan və ABŞ enerji əməkdaşlığında yeni mərhələni müzakirə edib

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələdə inkişaf perspektivləri müzakirə olunub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov bildirib ki, Energetika naziri Pərviz Şahbazovla Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon arasında görüş energetika sahəsində əməkdaşlığın dərinləşdiynin bariz nümunəsidir:

 

"Dövlətlər arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyması tərəflər arasındakı münasibətlərin ənənəvi neft-qaz çərçivəsindən çıxaraq daha geniş və strateji məzmun kəsb etdiyini göstərir. Bu yeni mərhələ enerji keçidi, bərpa olunan enerji mənbələri, enerji təhlükəsizliyi və texnoloji innovasiyalar kimi prioritet sahələri əhatə edir. Xüsusilə yaşıl enerji, Xəzər dənizində külək potensialının reallaşdırılması və enerji səmərəliliyi istiqamətləri əməkdaşlığın əsas dayaqlarına çevrilir.

 

ABŞ şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı bu prosesə əlavə dəyər qazandırır. Amerika enerji şirkətləri qabaqcıl texnologiyalar, böyük investisiya imkanları və yüksək korporativ idarəetmə standartları ilə seçilir. Bu faktorlar Azərbaycanın enerji sektorunda istehsalın səmərəliliyini artırmaqla yanaşı, beynəlxalq etimadı gücləndirir və ölkənin qlobal enerji bazarlarına inteqrasiyasını sürətləndirir. Eyni zamanda, bu əməkdaşlıq yeni layihələrin maliyyələşdirilməsində risklərin bölüşdürülməsinə və sektorun uzunmüddətli dayanıqlığının təmin olunmasına şərait yaradır.

 

Strateji baxımdan Azərbaycan-ABŞ enerji tərəfdaşlığı ölkənin enerji təhlükəsizliyini də əhəmiyyətli dərəcədə möhkəmləndirir. Mənbələrin və texnologiyaların şaxələndirilməsi, infrastrukturun modernləşdirilməsi və beynəlxalq enerji zəncirlərində Azərbaycanın rolunun artması enerji sistemini daha sabit və davamlı edir. ABŞ ilə əməkdaşlıq Azərbaycanın Avropa üçün etibarlı enerji təchizatçısı mövqeyini gücləndirməklə yanaşı, ölkəyə regional və qlobal səviyyədə əlavə siyasi-iqtisadi manevr imkanları yaradır.

 

Gedən prosesslər onu göstərir ki, Azərbaycan-ABŞ enerji əməkdaşlığında yeni mərhələ klassik xammal ixracı modelindən strateji tərəfdaşlıq modelinə keçidi ifadə edir. Bu model texnologiya, investisiya, enerji təhlükəsizliyi və yaşıl transformasiya komponentlərini birləşdirərək Azərbaycanın enerji siyasətini uzunmüddətli və qlobal trendlərə uyğun istiqamətdə formalaşdırır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər