Azərbaycan və ABŞ TRIPP layihəsinin sürətləndirilməsini müzakirə edib
Azərbaycan və ABŞ arasında TRIPP layihəsinin icrası və prosesin daha da sürətləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Tərəflər enerji təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat-texnoloji əməkdaşlığın genişləndirilməsi və bölgədə iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində addımların vacibliyini vurğulayıblar.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, TRIPP layihəsi əslində regionda yeni nəqliyyat və ticarət əməkdaşlığının əsas dayaqlarından birinə çevrilmək potensialına malikdir:
“Ümumiyyətlə, TRIPP layihəsi ad olaraq Beynəlxalq Sülh və Tərəfdaşlıq Yolunu ifadə edir. Bu marşrut bəzi hallarda Orta Dəhliz və ya Zəngəzur Dəhlizi kimi müxtəlif formatlarda da adlandırılır. Azərbaycan, Ermənistan və digər regional ölkələr arasında sülh sazişlərinin imzalanmasından sonra bu yolun daha geniş coğrafiyanı və daha böyük logistik həcmi əhatə edəcəyi gözlənilir. Bu layihənin strateji tərəfi ondan ibarətdir ki, Avrasiya məkanını, Avropanı, Türkiyəni və türkdilli ölkələri vahid ticarət və nəqliyyat dəhlizinə bağlayır. Məsələn, daha əvvəl Çindən Avropaya bir məhsulun daşınması bəzən bir aya qədər çəkirdisə, TRIPP çərçivəsində açılan yeni xəttlər bu müddəti cəmi 6–11 günə endirir. Bu isə həm logistik səmərəliliyi artırır, həm də ticarət dövriyyəsini ciddi şəkildə genişləndirir. Layihənin sürətləndirilməsi iqtisadi əməkdaşlıqla yanaşı, regionda uzun illər davam edən maneələrin aradan qaldırılmasına da xidmət edəcək. Azərbaycan və Ermənistan arasında uzun müddətdir bağlı qalmış 40–42 kilometrlik yol hissəsinin yenidən istifadəyə verilməsi həm dəmiryolu, həm avtomobil yolu, həm də yükdaşıma xidmətlərinin qarşısındakı baryerləri tamamilə aradan qaldıracaq. Bu dəhliz aktiv olduqdan sonra tərəflər arasında iqtisadi, ticarət və texnoloji əməkdaşlıq daha rəvan şəkildə icra oluna biləcək”.
Həmçinin şərhçi qeyd edib ki, TRIPP-in açılması eyni zamanda regiondakı nəqliyyat infrastrukturunun güclənməsi deməkdir və bu prosesdə Azərbaycanın aparıcı rolu daha da artacaq:
“Layihənin icrası yerli bazarda iş yerlərinin artmasına ciddi təsir göstərəcək. Çindən Avropaya illik yük dövriyyəsi 400 milyard dollardan artıqdır. Bu nəhəng axının böyük hissəsinin Azərbaycan üzərindən keçməsi iqtisadi canlanmanı artıracaq. Xəzər dənizi vasitəsilə, Bakı-Ələt Beynəlxalq Dəniz Limanı üzərindən, eləcə də Şərqi Zəngəzur və Zəngəzur istiqamətlərindən həyata keçiriləcək daşımalar ölkəni tranzit mərkəzinə çevirəcək. Bu isə həm yeni iş yerlərinin açılması, həm logistika və xidmət sektorlarının genişlənməsi, həm də ümumi iqtisadi dayanıqlığın güclənməsi deməkdir. TRIPP layihəsi yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan Azərbaycanın rolunu daha da yüksəldəcək. İnfrastrukturun genişlənməsi, regional əməkdaşlığın artması, ticarət həcminin böyüməsi ölkəmizin regionda aparıcı tranzit mərkəzlərdən birinə çevrilməsinə yol açacaq. Bu nəticə etibarilə həm iqtisadi imkanları artıracaq, həm də yeni investisiyaların cəlb olunmasına şərait yaradacaq”.
Ayşə Müzəfərli
