Azərbaycan və ABŞ Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlığı müzakirə edib
Azərbaycan və ABŞ rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı iqtisadi əməkdaşlıq perspektivlərini, yeni logistika imkanlarını və regiondakı nəqliyyat marşrutlarının gələcək inkişafını müzakirə ediblər. Görüş zamanı tərəflər dəhlizin həm regional əlaqələr, həm də qlobal ticarət şəbəkələri üçün strateji əhəmiyyət daşıdığını vurğulayıblar.
Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması uzun müddətdir gündəmdədir və bu layihənin reallaşması regionda mövcud nəqliyyat marşrutlarını tamamilə dəyişdirə bilər:
“Hazırda Asiya ölkələrindən, xüsusilə Çin və Orta Asiyadan gələn yük daşımaları Xəzər vasitəsilə Azərbaycana daxil olur, buradan Gürcüstan üzərindən Türkiyəyə, oradan isə Avropaya yönləndirilir. Zəngəzur dəhlizi açılarsa, bu yol xeyli qısalacaq və logistika xərcləri ciddi şəkildə azalacaq. Bu həm daşımaların sürətini artıracaq, həm də region ölkələrinin iqtisadi əlaqələrinin daha sıx inteqrasiya olunmasına imkan verəcək. Dəhlizin aktivləşməsi təkcə Azərbaycan üçün deyil, Türkiyə, Avropa və Asiya ölkələri üçün də əlavə üstünlüklər yaradır. Çünki daha qısa yol həm vaxt itkisini azaldır, həm də ticarətin intensivliyini artırır. Burada Ermənistan faktoru da nəzərə alınmalıdır. Əgər dəhliz açılarsa, Ermənistan bazarı da həm Azərbaycan, həm Türkiyə, həm də digər regional dövlətlər üçün əlçatan olacaq və bu, iqtisadi münasibətlərin normallaşmasına töhfə verə bilər. ABŞ-nin məsələyə marağı isə daha çox geosiyasi xarakter daşıyır. Vaşinqton regiondakı nəqliyyat dəhlizlərinin təhlükəsizliyində və diversifikasiyasında iştirak etməklə həm iqtisadi, həm də siyasi mövqelərini möhkəmləndirmək istəyir. ABŞ bu dəhlizin yaradılmasını Rusiya və Çin kimi güclərin təsir imkanlarını məhdudlaşdıran bir faktor kimi görür. Bu həm region ölkələri ilə əməkdaşlıq imkanlarını genişləndirir, həm də ABŞ-nin regional proseslərə nəzarət imkanlarını artırır”.
Ayşə Müzəfərli
