Azərbaycan və Qazaxıstan atom sənayesində əməkdaşlıq perspektivlərini genişləndirir
Azərbaycan və Qazaxıstan atom sənayesi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə nüvə texnologiyalarının dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, ekoloji monitorinq və mütəxəssis hazırlığı kimi mövzular ön plana çıxıb.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "İnformator.az"a bildirib ki, Qazaxıstan uran ehtiyatlarına görə dünyada ön sıradadır, Azərbaycan isə enerji tranziti və alternativ enerji layihələri ilə fərqlənir:
"Bu əməkdaşlıq regionun yalnız neft-qazdan asılılığını azaldaraq, əlavə enerji təminatı mənbələri yarada bilər. Dinc nüvə texnologiyalarının istifadəsi gələcəkdə enerji böhranlarının qarşısını almağa, həmçinin “yaşıl keçid” prosesində fosil yanacaqlardan asılılığı azaltmağa imkan verə bilər. İki ölkə arasında bu əməkdaşlıq, həm də Mərkəzi Asiya–Cənubi Qafqaz enerji təhlükəsizlik sistemini gücləndirə bilər, çünki burada enerji yalnız daxili istehlak deyil, həm də ixrac istiqamətləri üçün kritik əhəmiyyət daşıyır".
İqtisadçı həmçinin qeyd edib ki, nüvə obyektlərində baş verə biləcək radiasiya sızmaları və qəzaların qarşısını almaq üçün qabaqcıl monitorinq texnologiyalarından istifadə oluna bilər:
"Təcrübə mübadiləsi mütəxəssislərin səhv qərarlarının qarşısını almaq üçün beynəlxalq standartlara uyğun protokolların tətbiqini gücləndirər. Radiasiya tullantılarının düzgün idarə olunması ekoloji fəsadların qarşısını alar. Təcrübə paylaşımı həm də nüvə infrastrukturlarının terror və kiberhücum risklərinə qarşı qorunmasını təmin edə bilər. Atom sənayesində tədqiqatçı, radiasiya təhlükəsizliyi mütəxəssisi, nüvə energetikası mühəndisi kimi sahələrdə kadrların hazırlanması üçün imkan yaranacaq. Bu əməkdaşlıq həm də Azərbaycanın beynəlxalq nüvə agentlikləri ilə daha sıx əməkdaşlığına zəmin yaradacaq ki, bu da texnologiyaların keyfiyyət və təhlükəsizlik baxımından ən yüksək standartlara cavab verməsini təmin edəcək".
Billurə Quliyeva
