00:00:00
Yazar
Admin User
29.08.2025 15:14 162 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan və Uqanda aqrar əməkdaşlığı müzakirə edib

Azərbaycan və Uqanda aqrar əməkdaşlığı müzakirə edib

Azərbaycan və Uqanda nümayəndə heyətləri arasında keçirilən görüşdə aqrar sahədə əməkdaşlıq imkanları, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi, ixrac potensialı yüksək məhsullar və iş adamları arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub. Hər iki tərəf əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.


Mövzu ilə bağlı açıqlamasında iqtisadçı Akif Nəsirli "İnformator.az"a bildirib ki, kənd təsərrüfatı texnologiyaları və təcrübə mübadiləsi baxımından Azərbaycan son illər müasir suvarma, aqroparklar və rəqəmsal kənd təsərrüfatı texnologiyalarında müəyyən təcrübə qazanıb:


"Bu təcrübə Uqandaya ötürülə bilər. Bitkiçilik və heyvandarlıq sahələrində Uqanda tropik iqlimə uyğun məhsulları – qəhvə, kakao, banan, tropik meyvələr ixrac edə bilər, Azərbaycan isə taxıl, pambıq, tərəvəz və ət-süd məhsulları üzrə əməkdaşlıq edə bilər. İki ölkə arasında aqrar universitetlər, təlim proqramları vasitəsilə mütəxəssis mübadiləsi apara bilər. Uqanda Afrika bazarında, Azərbaycan isə Cənubi Qafqaz, Mərkəzi Asiya və MDB bazarlarında tranzit və distribusiya imkanları təqdim edə bilər.


Logistika marşrutlarının optimallaşdırılması diqqətəlayiqdir. Azərbaycan “Orta Dəhliz” üzərində yerləşdiyi üçün Uqanda məhsullarının Avrasiya bazarına çıxışı üçün tranzit qapısı ola bilər. Birgə ticarət evləri və sərgilər keçrilə bilər. İki ölkənin iş adamlarının məhsullarını tanıtması üçün sərgilər, “Aqrar Ticarət Evləri” yarada bilər. Gömrük və vergi güzəştləri önəmli məsələlərdəndir. İxrac-idxal prosesində rüsumların azaldılması və ya qarşılıqlı güzəştlər tətbiq edilə bilər. Birgə emal müəssisələri qurula bilər. Meyvə şirəsi, quru meyvə, süd məhsulları, ət emalı sahələrində Azərbaycan və Uqanda investorlarının birgə zavodlar qurması mümkündür.


Bu ilk növbədə iqtisadi əlaqələrin şaxələnməsina töhfə verə bilər. Hazırda Azərbaycan və Uqanda arasında ticarət çox zəifdir. İş adamlarının əməkdaşlığı bu göstəricini yüksəldə bilər. Yeni bazarlara çıxış imkanları genişlənə biər. Azərbaycan şirkətləri Afrika bazarına, Uqanda isə Qafqaz və Avrasiya bazarına daxil olmaq imkanı qazanacaq. Özəl sektorun aktivliyi dövlətlərarası münasibətləri gücləndirəcək, aqrar sənayedə yeni investisiyalar cəlb ediləcək. İqtisadi maraqlar siyasi münasibətlərin dərinləşməsinə və strateji tərəfdaşlığın möhkəmlənməsinə səbəb olacaq".


Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər