Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı azalıb
Bu ilin yanvar–sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 4 milyard 736,1 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artım deməkdir.
Qiymətləndirmələrə əsasən, qeyri-neft-qaz sektoruna yönələn birbaşa xarici investisiyaların ümumi həcmi 9 faiz artaraq 1 milyard 19,4 milyon dollar olub. Bu məbləğin 304,9 milyon dolları ölkə iqtisadiyyatında əldə olunan gəlirlərin yenidən investisiya olunması hesabına formalaşıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, düşünmürəm ki, neft sektoruna qoyulan investisiyanın azalması müsbət hal kimi qiymətləndirilməlidir:
"Xarici investisiyalar istər neft, istərsə də qeyri-neft sektoruna yönəlsin, onlar iqtisadi artımı dəstəkləyir, istehsal və istehlak balansını qoruyur və məşğulluğun artırılmasına müsbət təsir göstərir. Hazırda Azərbaycanda neft hasilatı azalma mərhələsindədir, xüsusilə də dərin qatlarda yerləşən ehtiyatların çıxarılması üçün daha iri həcmli investisiyalara ehtiyac duyulur. Təəssüf ki, ölkənin iqtisadi modeli hələ də neft gəlirlərindən asılıdır və qeyri-resurs əsaslı iqtisadi inkişafla bağlı ciddi nəticələr əldə edilməyib. Bu səbəbdən də, neft sektoruna yatırımların davamlılığı hələ də aktual və zəruridir. Bununla yanaşı, təbii ki, qeyri-neft sektoruna yönələn investisiyaların artması daha arzuolunandır. Lakin ötən 30 il ərzində həyata keçirilən iqtisadi siyasət bu sahədə xarici investorlar üçün əlverişli mühit formalaşdıra bilməyib. Düzdür, 2025-ci ilin ilk 9 ayında qeyri-neft sektoruna təxminən 1 milyard dollar həcmində investisiya qoyuluşu müşahidə edilib, lakin bu artım əsasən bərpa olunan enerji sektorundakı iri layihələr hesabına mümkün olub.
Hazırkı vəziyyətdə iqtisadiyyata qoyulan sərmayələrin 70%-ə yaxını yenə də neft sektoruna yönəlir. Bu isə göstərir ki, real sektor hələ də xarici investisiyalar üçün cazibədar deyil. Gələcəkdə bu tendensiyanın dəyişməsi üçün daha əlverişli biznes mühiti, rəqabətə davamlı iqtisadi modellər və hüquqi şəffaflıq vacib olacaq. Eyni zamanda, investisiyaların yönləndirilməsi məsələsində prioritet sahələr kimi kənd təsərrüfatı, yüngül sənaye, kimya sənayesi, qida sənayesi və mədən sənayesi önə çıxmalıdır. Bu sahələr həm daxili tələbatı ödəmək, həm də ixrac potensialını artırmaq baxımından strateji əhəmiyyət daşıyır. Nəticə etibarilə, həm neft, həm də qeyri-neft sektoruna yönələn xarici investisiya axını ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır. Əsas məsələ bu investisiyaların balanslı, şaxələndirilən və davamlı şəkildə həyata keçirilməsidir".
Aişə Mustafayeva
