00:00:00
Yazar
Güllər Gülhüseynova
08.05.2026 22:30 30 2 dəq oxuma
İqtisadiyyat

Bakıda daşınmaz əmlak bazarında yeni tendensiya

Bakıda daşınmaz əmlak bazarında yeni tendensiya

2026-ci ilin aprel ayında Bakıda daşınmaz əmlak bazarının indeksi 101.8 səviyyəsinə yüksəlib ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 1.8 faiz artım deməkdir.

 

Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov “İnformator.az”a açıqlamasında bildirib ki, ən böyük qiymət artımı torpaq qıtlığı olan və infrastrukturu inkişaf etmiş ərazilərdə müşahidə olunur:

 

“Daşınmaz əmlak sektorundakı mövcud artım əslində stabil bir göstəricidir. Son illər ərzində Bakı şəhərində mənzil fondunda illik artım 10%, kommersiya obyektlərində isə 8-11% təşkil edir. Bu, proqnozlaşdırılan normal bir haldır. 2001-ci ildən bu günə qədər daşınmaz əmlak sektorunda ən yüksək artım Bakı şəhərində mənzil fondunda qeydə alınıb. Paytaxtın ilkin mənzil bazarında ümumi artım 70%-i keçib.  Yeni tendensiyalara uyğun olaraq, fərdi ev tikintisi üçün nəzərdə tutulan torpaq sahələri, xüsusən şəhər mərkəzinə yaxın ərazilərdə və Badamdar kimi yerlərdə kəskin bahalaşıb. Ən çox qiymət artımı qıtlıq olan yerlərdədir. İnfrastrukturu yüksək olan zonalarda, xüsusilə "Sea Breeze" layihəsi ətrafında torpaq qiymətlərində minimum 45-50% artım müşahidə olunur”.

 

Ekspert qeyd edib ki, bazarda yeni mənzil təklifinin azalması qiymət artımını sürətləndirən əsas amillərdəndir:

 

“Əsas tələbat yeni tikililərə olsa da, bazarda təklif sayının məhdudluğu təkrar satış qiymətlərini süni şəkildə artırır. Köhnə mənzil fondu kifayət qədər aşındığı və müasir tələblərə cavab vermədiyi üçün alıcılar yeni binalara meyil edir.  Qiymət artımının dayanmadan davam edəcəyi gözlənilir. Çünki tikinti şirkətləri bazara böyük həcmdə yeni mənzillər çıxarmır. Digər tərəfdən, köhnə fondun söküntüsü əmlak həcminin azalmasına doğru gedir. 2016-cı illə müqayisədə 2026-cı ildə yeni başlayan inşaat həcmi 8-10 dəfə azalıb. Bu azalma rəqabəti zəiflətdiyi üçün tikinti şirkətləri mənzilləri bazar dəyərindən 15-20% baha satırlar və bu qiymətə də alıcı tapılır”.

 

Lalə Qurbanlı

#daşınmaz #yeni #baki #tendensiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər