Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 5%-ə yaxın artıb
2025-ci ildə Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 2 milyard 590 milyon 994 min ABŞ dolları təşkil edib.
Ötən il ölkəyə 117 milyon 964 min ABŞ dolları dəyərində 47 min 641 ton ət idxal edilib. Bu göstərici əvvəlki illə müqayisədə dəyər baxımından 8,9%, həcm baxımından isə 18,8% azalıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, yeyinti məhsullarının idxal dəyərinin təxminən 5%-ə yaxın artması birbaşa və dolayı yolla daxili bazar qiymətlərinə təsir göstərə bilər:
"Əgər artım əsasən dünya bazarlarında qiymətlərin yüksəlməsi, logistika xərcləri və valyuta faktorları ilə bağlıdırsa, bu, idxal olunan məhsulların maya dəyərini artırır və nəticədə pərakəndə satış qiymətlərində bahalaşma riski yaradır. Xüsusilə yerli istehsalla əvəzlənməsi çətin olan məhsullarda bu təsir daha aydın hiss olunur. Eyni zamanda, idxalın bahalaşması yerli istehsalçı üçün müəyyən rəqabət üstünlüyü yarada bilər, lakin bu, qısa müddətdə qiymət artımını tam kompensasiya etmir.
Ət idxalında həm dəyər, həm də həcm baxımından azalma bir neçə amillə izah oluna bilər. Bunlardan biri yerli istehsalın müəyyən qədər artması və daxili bazarın bir hissəsinin yerli məhsulla təmin edilməsidir. Digər tərəfdən, əhalinin istehlak vərdişlərində dəyişiklik, qiymət artımı səbəbilə daha az ət istehlakı, alternativ protein mənbələrinə yönəlmə də rol oynaya bilər. Kərə yağı ilə bağlı oxşar tendensiya müşahidə olunursa, burada da həm yerli istehsalın payının artması, həm də bahalaşma fonunda istehlakın azalması ehtimalı nəzərə alınmalıdır. Yəni bu azalma tək bir səbəblə deyil, bir neçə faktorun üst-üstə düşməsi ilə bağlıdır.
Süd və süd məhsulları idxalında artım yerli südçülük sektorunda müəyyən struktur problemlərə işarə edə bilər. Bunlara məhsuldarlığın aşağı olması, yem xərclərinin yüksəkliyi, mövsümi istehsal dalğalanmaları və emal sənayesinin xammala olan tələbatının yerli istehsal hesabına tam ödənilməməsi daxildir. Digər tərəfdən, süd məhsullarına tələbatın artması və çeşidlərin çoxalması da idxalı stimullaşdıra bilər. Bu səbəbdən idxal artımı təkcə "yerli istehsal zəifdir" mənasını vermir, eyni zamanda bazarın genişlənməsi və istehlakın artması ilə də bağlı ola bilər.
Ümumilikdə, bu göstəricilər ərzaq bazarında balansın hələ də idxaldan ciddi şəkildə asılı olduğunu və qiymət sabitliyi üçün yerli istehsalın davamlı və səmərəli şəkildə gücləndirilməsinin vacibliyini göstərir".
Aişə Mustafayeva
